Ceyms Coys
İrland romançı, hekayə yazarı, şair, müəllim və ədəbiyyat tənqidçisi Ceyms Coys 20-ci əsrin ən nüfuzlu və mühüm yazıçılarından biri hesab edilir. O,1882-ci il fevralın 2-də İrlandiyanın Dublin şəhərində doğulmuşdur. Yalnız İrlandiya ədəbiyyatının deyil, ümumilikdə dünya ədəbiyyatının ən böyük yenilikçilərindən biri kimi qəbul olunan Coysun ilk mühüm əsəri “Dublinlilər” (1914) adlı hekayələr toplusudur. Bu kitab, sıravi insanların gündəlik həyatlarını, sakit dramlarını və daxili boşluqlarını ustalıqla əks etdirir. Onun dili sadə, təsvirləri isə bir o qədər dərin və təbii idi.
Onun növbəti əsəri, “Gənc bir sənətkarın portreti” (1916), avtobioqrafik xüsusiyyətlər daşıyan bir romandır. Bu əsərdə dini inanclar, milli kimlik və ailə bağları ilə toqquşan bir gəncin dünyagörüşü öz əksini tapır.
Ədəbiyyatda inqilab edən əsəri isə “Uliss” (1922) romanı olmuşdur. Homer epopeyasına istinadla yazılan bu nəhəng əsər, bir insanın bir günlük həyatını təsvir etsə də, onun dili, strukturu və düşüncə axını texnikası onu çətin və bir o qədər də təsirli edir. Leopold Blum adlı yəhudi mənşəli qəhrəmanın iç dünyası, şəhərdəki hərəkətləri və xatirələri vasitəsilə bütün bir insanlıq tarixi və ruhu ortaya qoyulur.
Ceyms Coys sonuncu və ən sirli əsəri olan “Finneganın oyanışı”nda (1939) isə dilin sərhədlərini zorlayaraq tamamilə eksperimental bir yol seçmişdir. Bu əsər, bir çox dillərin və miflərin iç-içə keçdiyi bir söz labirintidir.
Ceyms Coys uşaqlar üçün də çoxlu kitablar yazıb, xüsusilə də pişiklərlə bağlı. 1936-cı ildə Coys nəvəsi Stefana iki nağıl yazıb göndərib. Yazıçının göndərdiyi “Şeytan və pişik” adlı nağıl kitab kimi onun ölümündən sonra çap olunub. Coysun “Kopenhagen pişikləri” adlı ikinci nağıl kitabı isə 2012-ci ildə yayımlanıb.
1941-ci ildə Sürixdə vəfat edən Ceyms Coys, ədəbi irsi ilə yazıçıların və oxucuların düşüncə tərzini dəyişmişdir. Onun dili təkcə üslub deyil, düşünmək üçün bir vasitəyə çevrilmişdir.
08.04.2025