Təbiət

Sakura

Yapon dilində albalı ağacı “sakura” adlanır. Yaponlar sakuranı vətənlərinin rəmzi, onun çiçəklərini isə qeyri-rəsmi gerb kimi qəbul edirlər. İlk çəhrayı rəngli sakura çiçəkləri Yaponiyanın cənub adası Sikokunun Koti şəhərində açmışdır.

 

Bu şəhər Yaponiyanın ən cənub yaşayış məntəqəsi olmasa da ilk sakura çiçəkləri məhz burada qeydə alınmışdır.

 

Yapon ədəbiyyatında sakura ağacı haqqında ilk məlumatlar eramızdan əvvəl 712-ci ilə təsadüf edir. Öz gözəlliyi və ətri ilə qısa müddət yaşayan bu çiçəklər insanlara yüngül kədər hissi gətirərək həyatın da çox az davam etdiyini xatırladır, imkan daxilində ondan daha çox zövq almağa çağırır. Yaponiyada sakuranın beş əsas və bağbanlar tərəfindən calaq edilərək yetişdirilmiş 200-dən artıq növü məlumdur.

 

Sakura ağaclarının çiçəklədiyi vaxt ölkə əhalisinin böyük əksəriyyəti parklara gəzintiyə daha çox çıxır, burada sakura çiçəklərinin çəhrayı rənginin müxtəlif çalarlarına bürünmüş ağaclardan zövq alır. Qədim ənənəyə uyğun olaraq, milyonlarla yapon sakura ağaclarının altında piknik qurur və çiçəklərin ləçəklərini tökməsini xüsusi maraqla izləyirlər. Uzaq Şərq gilənarının çiçəkləməsinin pik həddi, adətən aprelin əvvəllərinə təsadüf edir, həmin vaxt ölkənin parkları çəhrayı rəngin bütün çalarlarını özündə əks etdirir.

 

Bəzi ikebana məktəblərinin sakura budaqlarından gözəl kompozisiyalar düzəltməsinə baxmayaraq, yaponlar bu ağacın budaqlarını qırmağın qəti əleyhinədirlər.