Yapon çiçək kompozisiyası sənəti İkebana
İkebana — yapon çiçək kompozisiyası sənətidir. Bu incə sənət yalnız estetik baxımdan deyil, həm də fəlsəfi və ruhani mənalarda zəngin bir dünyagörüşünü ifadə edir. “İkebana” sözü yapon dilində “çiçəkləri canlandırmaq” mənasına gəlir və bu sənət hər bir çiçəkdə həyatın keçiciliyini, zamanın axışını və təbiətlə insan arasındakı harmoniyanı əks etdirir.
İkebananın yaranması Buddist rahiblərin məbədlərə çiçək təqdim etmə ənənəsinə əsaslanır. Bu ənənə zamanla ritualdan sənətə çevrilərək müxtəlif məktəblərin yaranmasına səbəb oldu. İkebana Buddist köklərə malik olsa da, Yaponiyanın təbiətlə dərin bağlarından ilhamlanan bir ənənədir. Ən qədim və klassik məktəb Ikenobo sayılır. Onun əsası XV əsrdə qoyulmuşdur.
XV- XVI əsrlərdə Buddizmin təsiri altında ikebana yapon mədəniyyətinin digər növləri ilə yanaşı daha qabarıq şəkildə özünü büruzə verdi. XVIII əsrdə isə artıq ikebana yaponların boş vaxtlarında etdikləri ən vacib fəaliyyətlərdən birinə çevrilməyi bacardı.
İkebana yalnız çiçəklərin dekorativ düzümü deyil. O, bir meditasiyadır, təbiətlə səssiz bir dialoqdur. Hər element — çiçək, budaq, qab və boşluq — düşünülmüş və məqsədyönlü şəkildə seçilir.
İkebana ilə məşğul olan şəxs üçün bu sənət daxili sakitlik və diqqət tələb edən bir praktika kimi də önə çıxır. Çiçəkləri seçmək, onları yerbəyer etmək prosesi insanı indiki anla birləşdirir, zehni sakitləşdirir və gözəlliyə duyulan minnətdarlığı artırır.
İkebana Məktəbləri
1. Ikenobo məktəbi- Bu ən qədim və ilk ikebana məktəbidir. XV əsrdə qurulmuşdur. Ənənəvi və rəsmi yanaşmaya əsaslanır. İkebananın struktur qaydalarına ciddi riayət edir.
2. Ohara məktəbi- XIX əsrdə meydana çıxır. Bu məktəb ənənəvilik və müasirliyi özündə birləşdirir. Göl və landşaft motivləri ilə zəngin kompozisiyalar yaradır.
3. Sogetsu məktəbi- XX əsrin əvvəllərində yaradılıb və müasir incəsənətin cərəyanlarından ilhamlanıb. Müasir və azad düşüncəli yanaşmanı təmsil edir. “Hər kəs, hər yerdə və istənilən materialla ikebana yarada bilər” prinsipinə əsaslanır. Bu məktəbdə sənətçinin daxili dünyası və hissləri ön plana çıxır.
4. Koryu məktəbi- XVIII əsrdə yaradılıb.
İkebana məktəbləri fərqli üslubları və yanaşmaları ilə bu qədim sənəti həm qoruyur, həm də yeniləyir. Hər məktəb təbiətə fərqli baxış bucağı təqdim edir, lakin onların ortaq nöqtəsi həyatın gözəlliyini, dəyişkənliyini və ahəngini vurğulamaqdır. İkebana, təbiətin səssiz poeziyası kimi, bizi də bu ahəngə qulaq asmağa və ona öz ritmimizlə qoşulmağa dəvət edir.
09.04.2025