10 Aprel - İnşaatçılar Günüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə inşaatçılar hər il aprelin 10-unu peşə bayramı kimi qeyd edirlər. Bu günün bayram edilməsi dövlətimizin başçısı İlham Əliyevin bu sektorun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda, müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.
Azərbaycan inşaatı və memarlığı qədim tarixi ənənələrə malikdir. Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Saray Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərəfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO-nun ümumdünya irsi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir.
10.04.2025