Bu maraqlıdır!

Klovelli

Britaniyanın ən çox tanınan, ən çox xatirə şəkli çəkilən kəndlərindən biri də Klovellidir. Devon şəhərinin mərkəzində yerləşən Klovelli o qədər ovsunlu mənzərəli kənddir ki, bir çox ziyarətçilər bunun real yer olduğuna inana bilmirlər.

 

Səhər saat 9-dan axşam 5-ə qədər kəndə giriş pulludur. Böyüklər üçün 10 funt sterlinq, uşaqlar üçün isə 6 funt. Bu ödəniş kəndin saxlanması, yolların və binaların təmiri, həmçinin burada fəaliyyət göstərən iki muzeyin və Klovelli Sarayı bağlarının qorunması üçün istifadə olunur. 

 

Əslində Klovelli sadəcə bir kənd deyil, bu, yüzillərlə qorunan bir mirasdır. Kənd 400 fut (təxminən 120 metr) hündürlüyündə bir təpənin üzərində yerləşir və bütün yolları dənizə doğru enir. Burada avtomobil yolu yoxdur, küçələr tamamilə daş döşəməlidir və yalnız piyada hərəkəti mümkündür. Əvvəllər kənddə əşyalar və yüklər ulaqlarla daşınırmış.

 

Evlər kəndin relyefinə uyğun şəkildə sıldırım yamaclarda tikilib. Bu evlər sadəcə yaşayış yeri deyil, sanki açıq hava qalereyasının parçasıdır.

 

Klovellinin tarixi çox qədimdir. Bura vaxtilə İngiltərə kralı Uilyamın (William I the Conqueror) mülkiyyətində olub və sonralar onu həyat yoldaşı, Kraliça Matildaya bağışlayıb. Daha sonra kənd uzun müddət müxtəlif aristokrat ailələrin nəzarətində qalıb. 1738-ci ildən bəri kəndi eyni ailə - Hamlin ailəsi idarə edir. Hazırda kəndin sahibi Con Rous adlı şəxsdir, o bu torpaqları anasından miras alıb.

 

Bu kənd XIX əsrin ortalarına qədər demək olar ki, xarici aləmə qapalı olub. Lakin indi sosial media dövründə Klovelli Britaniyanın ən çox fotoşəkil çəkilən, ən çox videoya düşən kəndlərindən biridir. Elə bu səbəbdəndir ki, hər il burada Xərçəng Festivalı keçirilir, turistlər kəndin dənizlə bağlı mədəniyyətini və yerli mətbəxini yaxından tanıya bilirlər.

 

Klovelli bir kənddən daha çox yaşayan tarix, qorunan bir yaddaşdır. Dəniz qoxusu, sakitliyi, tarixi binaları və sıldırım yolları ilə insanı özünə valeh edir. Əgər Britaniyada hələ də toxunulmamış, orijinal bir yer axtarırsınızsa, Klovelli mütləq ziyarət edilməli yerlərdən biridir.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri