Mina Rəşid. Jalənin əlləri
Biri vardı, biri yoxdu, Jalə adında qəşəng bir qız var idi. Jalə həmişə əllərini əzizləyərdi. Ona su verən, çörək kəsən, oyun oynayan, rəqs edən əllərinə bir möcüzə kimi baxardı. Bir gün o, həmişə mehriban olan, birgə çalışan əllərinin mübahisəsini eşitdi. Jalə buna çox təəccübləndi. Düşündü ki, yəqin kimsə onları yoldan çıxarıb. Yoxsa əllər heç vaxt mübahisə etməzdilər.
Sağ əl sol ələ deyirdi:
-Sən çox zəifsən. Mənsiz bir işin öhdəsindən gələ bilməzsən. Mən səndən güclüyəm, güclü...
Sol əl incimiş halda ona cavab verdi:
-Sən də mənsiz bir işə yaramazsan. İstəyirsən Jalədən soruş...
Jalə o anda dilləndi:
-Mənim əziz əllərim, gözəl əllərim, deyin görüm sizə nə olub ki, mübahisə edirsiniz?
Sol əl dilləndi:
-O, məni bəyənmir, zəif olduğumu söyləyir...
-Sən ona inandın?
-İnanmasam da, incidim, axı mən onu çox sevirdim.
-Sağ əl qızardı, o an özünü tənha hiss etdi və barmaqlarını aşağı saldı.
Jalə iki əlini birləşdirdi və onlara sığal çəkdi.
Əllər kövrəldi və bir-birinə möhkəm sarıldılar.
Jalə artıq söz deyib sağ əli incitmək istəmədi, onsuz da o səhvini anlamışdı. İndi bu atalar sözünü ona xatırlatmaq qalırdı:
-Dostlar, bilin ki, tək əldən səs çıxmaz. Siz birlikdə daha güclüsünüz!