İbrahim Yusifoğlu. Qarışqalar
Yuvaları yanında
Qarışqalar qaynayır.
Toxunmayın onlara,
Bir-birilə oynayır.
Taxıllar yetişəndə,
Düzülürlər sıraya.
Bir sünbül görən kimi,
Tez alırlar araya.
Yolda hansı yorulsa,
Köməyinə çatırlar.
Gecə-gündüz işləyir,
Lap qan-tərə batırlar.
Qış uzunu havalar,
Şaxta olsun, ya da qar,
Yeməyin azlığından
Qorxmurlar qarışqalar.