Nağıllar, hekayələr

Hacı İsmayılov. Qopuz çalan qız

O gün balaca Cərən üçün gözəl keçdi. Anası onun kitab-dəftərlərini yığıb çantasına qoydu, əlindən tutub məktəbə apardı.

 

Məktəbin qapısı o saatlarda balaca Cərənin özü kimi yeddi-səkkiz yaşlarında qızcığazlarla dolu olurdu. Onların hər biri çantalarını qolları ilə “qucaqlayıb” dərsin başlamasını gözləyirdilər. Anaları isə yeni paltarlar geydirib, saçlarını darayıb, hörüb qızları məktəbə hazırlamışdı. Cərən də ən gözəl paltarını geyinib gəlmişdi. Üstəlik, özü ilə ən çox sevdiyi qopuzunu da gətirmişdi.

 

Balaca Cərən məktəbli qızlara qoşulmağa tələsirdi və yaşının azlığına baxmayaraq, çoxdan bəri qopuz çala bildiyini göstərmək istəyirdi. Düzünə qalsa, o öz həyətlərində çalanda üç-dörd nəfər uşaq və qonşunun qızları Toqqa və Ayna mütləq onun “konsert”ində iştirak edirdilər. Belə az adamla da konsert olar? Çoxlu qızlar arasında çalmalı idi qopuzunu…

 

O, günlərdir məktəbə getmək üçün həyəcanlanır, səbri tükənirdi. Buna görə də gələr-gəlməz eyvanın kölgəsindəki oturacaqda əyləşib qopuzunu ehmallıca çantasından çıxardı. Qopuzun ağızda tutulan yerinə örtük çəkmişdi.

 

Cərən qopuzunu çıxarandan sonra hər kəsdən icazə istəyirmiş kimi, gülümsəyərək anasının üzünə baxdı və onun simasında xoş ifadə görüb ürəkləndi, qopuzunu ağzına alaraq dişləri ilə sıxıb nəfəs aldı, çalmağa başladı. Balaca qızcığazlar qopuzun səsini eşidincə dərhal Cərənin ətrafına toplaşdılar.

 

Cərən qopuzun sədasından asılı olaraq bəzən sürətlə, bəzən bir avazla çalırdı. O, başına yığılan yaşıdlarını görəndən sonra daha da ürəklənib baş barmağını göz görməyəcək cəldliklə hərəkət etdirirdi. Cərən arada qopuzunu ağzından çıxarıb:

 

— Budur, qoşun başçıları kəndə daxil oldular. Baxın, itlər hücuma keçdilər, — deyə musiqiyə söz qoşaraq çaldığı qopuzun söyləmək istədiklərini dinləyicilərin anlamasına kömək edirdi.

 

Cərən hər dəfə qopuzunu çalıb qurtarandan sonra əvvəlki kimi örtüyünə büküb deyərdi:

 

— Bunu atam cəbhəyə getməmişdən qabaq xüsusi olaraq mənim üçün hazırlayıb.

 

Hər dəfə Cərən atasını xatırlayanda ürəyi həsrətlə yanar, başını anasının dizləri üstünə qoyub:

 

— Anacan, atam nə vaxt gələr, görəsən? — deyə soruşardı.

 

Anası isə kədərlə gülümsəyərək üzünə baxıb hörüklərini sığalayar, hər dəfəki cavabı verərdi:

 

— Alman faşistlərini yox edəndən sonra qayıdacaq, əziz balam.

 

Getdikcə Cərən daha bu sualı soruşmadı, çünki anasının verəcəyi cavabı yaxşı bilirdi. Odur ki hər dəfə darıxanda çölə çıxar, yaxınlıqdakı ağacın kölgəsində oturub qopuzunu çalardı.

 

Məktəbdə isə Cərəni öz adı ilə tanıyan yox idi, qopuz çaldığı ilk gündən onu “Qopuzlu qız” və ya “Qopuz çalan qız” deyə çağırırdılar. Hər kəs adını elə bilirdi.

 

Bir gün Cərən yuxudan ağlayaraq oyandı.

 

— Ana, anacan, ana! — deyə hönkürməyə başladı.

 

Anası tez özünü çatdırdı:

 

— Nə olub, qızım?

 

— Toqqa mənim qopuzumu götürüb qaçdı.

 

Cərən tez qopuzunu qoyduğu yerə — yastığının altına baxdı. Onun orada olduğunu görüb çıxardı, qucaqlayıb rahatlaşdı, yenidən yuxuya daldı.

 

O bax bu qədər çox sevirdi qopuzunu…

 

Bir gün kənddə böyük bir toplantı oldu. Böyük, kiçik — hamı yığışdı. Bu vaxt məktəbdən qayıdan uşaqlar — Cərən də onların arasında idi — oraya gəldilər. Toplantıda yaşlı-başlı adamlar çıxıb nitq söyləyirdilər. Toqqanın anası Acab Əcə də danışdı. Cərən əvvəl danışanların nitqindən bir şey başa düşməsə də, Acab Əcənin sözlərini anladı. O belə deyirdi:

 

— Bizim aramızda böyük dərdi, qayğısı olanlar kifayət qədər çoxdur, anaların oğulları, qadınların ərləri, uşaqların ataları cəbhəyə gediblər.

 

Bu sözlərdən sonra Cərən elə düşündü ki, Acab Əcə barmağı ilə Cərəni göstərib: “Baxın, Cərənin atası da cəbhədədir”, — deyəcək. Buna görə də gözlərini qırpmadan onun üzünə baxdı və qeyri-ixtiyari hönkürtü ilə ağlamağa başladı. Ancaq Acab Əcə başını başqa tərəfə çevirib:

 

— Mənim də iki oğlum cəbhədədir. Mən övladlarımın sağ-salamat qayıtması və düşmənin məğlub olması üçün bütün dünya malından keçərəm. Bax, mənim cəbhəyə dəstəyim budur, — deyib boğçasının düyününü açdı, bir bağlama pulu çıxarıb ortaya qoydu.

 

Acab Əcədən sonra başqa qadınlar da çıxıb danışdılar, onlar da özlərinə aid dəyərli əşyalarını verdilər. Onların hamısı cəbhədə olan oğullarının, qardaşlarının, ərlərinin adlarını söylədilər.

 

Aynacığazın anası qolbağını çıxarıb qoydu, onun ardınca da digər qadınlar qızıl, gümüş zinət əşyalarını verdilər.

 

Balaca Cərən zorla, dərindən nəfəs alıb göz önündə nə isə canlandırıb öz-özünə dedi: “Budur, Toqqanın qardaşları gəlir, Aynanın da atası gəlir, çoxları gəlir, bəs mənim atam? Canım atam gəlib: ‘Qızım, bəs sən nə vermisən?’ — desə, nə cavab verəcəyəm? Hanı mənim anam? Haraya getdi? O nə üçün bir şey gətirməyib?”

 

Qızcığazın qəlbi həyəcanla döyünür, gözündən yaşlar axır, hıçqıraraq için-için ağlayırdı.

 

Ətrafındakı uşaqlara göz gəzdirdi, sakitləşmək istəyirdi, amma ürəyi rahatlıq tapmırdı. O nə qədər diqqətlə baxsa da, əlində boğça, düyünçə tutan qadınların arasında anasını görə bilmirdi. Cərən qəfildən əli ilə üzünü tutub evə tərəf qaçmağa başladı. “Görəsən, nə tapa bilərəm?” — öz-özünə düşünürdü.

 

O, qumlu küçəni sürətlə keçib-getdi. Nə daş, nə kəsək, nə toz, nə də torpaq onun sürətinə mane ola bilirdi — Cərən dayanmadan qaçırdı. Parıldayan gözlərindən axan yaş onun ağbəniz simasında iz qoyaraq damla-damla tökülürdü. Qızcığaz hansı səbəblə, haraya getdiyini bilmirdi. Ancaq mane ola bilmədiyi güclü bir qüvvə onu arxasından itələyərək: “Qaç, qaç, vaxtında çat”, — deyə tələsdirirdi.

 

Cərən nəfəsini dərmədən, dayanmadan hey qaçırdı. Bu dəmdə evləri göründü. Cərən birdən sürətini yavaşlatdı, duruxdu. Onun qəlbini ağlına gələn yaxşı bir fikrin təlaşı doldurdu, qayğının yerini sevinc aldı. O, alt dodağını dişləyib gülümsədi və əli ilə göz yaşını sildi, yenə qaçmağa başladı. Bu dəfə əvvəlkindən də sürətlə qaçırdı. O, sevincdən işıldayan gözlərini arabir qırpıb dodaqaltı söyləyirdi:

 

— Qopuzum… Qopuzum…

 

Cərən vaxt itirmədən evlərinə çatdı, kitablarını qoyduğu çantasını açıb içindən qopuzunu götürdü və bağrına basıb dedi:

 

— İndi atam gələcək… Canım — atam gələcək… Qopuzuma inanıram…

 

Cərən qopuzunu iki əli ilə möhkəmcə sinəsinə sıxıb onu üç dəfə sığalladı.

 

— Qopuzum… Qopuzum… Get düşmənin ürəyinə ox kimi sancıl!..

 

Cərən yenə qopuzunu bağrına basdı və gəldiyi yerə — geriyə qaçdı. O, bütün uşaqlar kimi sevincdən atılıb-düşürdü. Nəhayət, toplantı yerinə çatdı, əziz atasının haqqını verən adam kimi gülümsəyərək özünə aid olan ən dəyərli sərvətini əsgərlər üçün yığılan əşyaların üzərinə qoydu.

 

O, cəbhəyə yollanacaq qızıla, gümüşə bir də nəzər saldı, öz qopuzu ilə vidalaşıb dərindən nəfəs aldı. Sevincdən qıpqırmızı qızarmışdı. Bütün insanların — böyüklərin, kiçiklərin ona baxdığını görüb köynəyinin yaxasındakı sancağı da çıxarıb qopuzunun üstünə qoydu…