Bu maraqlıdır!

Səs necə yaranır

İpə bağlanmış metal kürəni sağa çəkib buraxsaq, kürə əvvəlcə sağdan sola, sonra soldan sağa hərəkət edəcək. Bir ucunu tərpənməz saxladığımız xətkeşin digər ucuna qüvvə tətbiq etsək, xətkeşin sərbəst ucu aşağı və yuxarı hərəkət edəcək. Kamertona çəkiclə vurduqda onun qolları irəli və geri hərəkət edir. Kürə, xətkeşin sərbəst ucu və kamertonun qollarının hərəkəti rəqsi hərəkətdir. Rəqsi hərəkət cismin təkrar olunan hərəkətidir. Məsələn, sağa dartılan kürə sərbəst qaldıqda sola hərəkət edir, sonra yenidən sağ tərəfə qayıdır və bu hərəkəti təkrar edir. Rəqsi hərəkət edən bir cismin ətrafındakı hava zərrəcikləri də bu cismin təsiri ilə rəqsi hərəkətə başlayır.

 

Kamertonun qolları rəqsi hərəkət edərkən qolların yaxınlığındakı hava zərrəciklərini hərəkət etdirir. Bu zərrəciklər digər hava zərrəcikləriylə toqquşaraq onların da hərəkət etməsinə səbəb olur. Hava zərrəciklərinin ardıcıl olaraq bir-biri ilə toqquşması nəticəsində qulaqdakı təbil pərdəsinin yaxınlığındakı zərrəciklər də hərəkətə başlayır. Nəhayət, təbil pərdəsinin yaxınlığındakı zərrəciklərin təsiri ilə təbil pərdəsi də rəqsi hərəkət edir və biz səs eşidirik. Rəqsi hərəkət edən bir cisim mühitdəki zərrəciklərin hərəkət etməsinə səbəb olduqda səs yaranır.

 

Nağaranın dərisi, kamertonun qolları və gitaranın simi səs mənbələridir. Onlar rəqsi hərəkət edərkən hava zərrəciklərinin də hərəkət etməsinə səbəb olur və səs yaranır. Səsin yaranması üçün rəqsi hərəkət edən cisim və bu cismin təsiri ilə hərəkət edən zərrəciklər olmalıdır. Məsələn, havanın olmadığı Ayda gitarada ifa etmək mümkün deyil. Çünki gitaranın simi rəqsi hərəkət etdikdə simin təsiri ilə rəqsi hərəkət edən hava zərrəcikləri Ayda mövcud deyil.


Əksər hallarda səs mənbəyi ilə qulaqlarımız arasında çox kiçik məsafə fərqi olur. Buna görə də səs bir qulağımıza digərinə görə cüzi fərqlə daha tez çatır. Bu kiçik zaman fərqinə görə beynimiz səsin gəldiyi istiqaməti müəyyən edə bilir.

 

Səs yayılarkən havadakı zərrəciklərin hərəkəti ilə yayın halqalarının hərəkəti arasında oxşarlıq var. Yayın ayrı-ayrı halqaları irəliyə və geriyə doğru rəqsi hərəkət edir, yay isə yerini dəyişmir. Səs yayılarkən mənbənin yaxınlığındakı zərrəciklər təbil pərdəsinə qədər hərəkət etmir. Zərrəciklər yalnız yaxınlıqdakı zərrəciklərlə toqquşaraq onları hərəkət etdirir.

 


Rəqsi hərəkət edən cismin təsiri ilə hava zərrəcikləri əvvəlcə bir-birinə yaxınlaşır, toqquşur və bir-birindən uzaqlaşır. Zərrəciklər bir-birinə yaxınlaşdıqda sıxlaşma, uzaqlaşdıqda isə seyrəkləşmə müşahidə olunur. Zərrəciklərin seyrəkləşmə və sıxlaşmasının ardıcıl olaraq təkrarlanması səsin mənbədən ətrafa yayılmasına səbəb olur.

 

İnsanın səsi səs tellərinin rəqsi hərəkəti nəticəsində yaranır. Səs telləri qırtlaqda, nəfəs yolunun üzərində yerləşir. İnsanlar danışarkən və ya mahnı oxuyarkən rəqsi hərəkət edən səs telləri ağciyərdən xaric olunan havadakı zərrəciklərin də rəqsi hərəkət etməsinə səbəb olur. Zümzümə edərkən barmağınızı qırtlağınıza toxunduraraq səs tellərinin rəqsi hərəkətini hiss edə bilərsiniz.

 

Səs telləri açılıb-bağlanaraq rəqsi hərəkət edir və ağciyərdən xaric olunan havadakı zərrəciklərin seyrəkləşib sıxlaşaraq səs yaratmasına səbəb olur.