Əziz Sultan. Tülkü və toyuq
Bir gün şələquyruq tülkü kolun dibində böyük yumurta tapdı. Dərhal onu yemək istədi. Ağzını yenicə açmışdı ki, ağlına bir fikir gəldi:
“Əgər bir yerdə yumurta varsa, şübhəsiz, onu yumurtlayan bir toyuq da var. Yəni yumurta öz-özünə yarana bilməz. Necə ki, toyuq da öz-özünə yarana bilməz. Bu ondan, o da bundan asılıdır. Birinci toyuq yaranıb, yoxsa yumurta?..”
Başını silkələyib özünü ələ aldı:
“Heç yeridir?!.. Bəlkə, bir kənarda pusquya yatıb gözləyim? Bu yumurtanın dalınca gələn bir toyuq olsa, o zaman daha qazanclı çıxaram”.
Bunu düşünəndə tülkünün ağzı sulandı, bu fikir ağlına batdı. Həvəslə marağa yatıb gözləməyə başladı.
Çox keçmədən bir qara toyuq qaqıldaya-qaqıldaya kolların arasında gəzməyə başladı:
— Yumurtam hanı, qıt-qıt, yumurtam hanı? Yumurtam hanı, qıt-qıt, yumurtam hanı?..
Yumurtanın düşdüyü kolun dibinə çatanda qara toyuq sevindi:
— Yumurtam ağdır, qıt-qıt, çox şükür, sağdır!..
Bu zaman tülkü hoppanıb onun üstünü kəsdi:
— Yeməyim yağdır, aha, yeməyim baldır, — bunu deyib dili ilə dodaqlarını yaladı, ağzını şappıldatdı.
Qara toyuq gördü ki, gediş o gediş deyil, tülkü onu yeyəcək. Dərhal tülkünü dilə tutdu:
— A tülkü qardaş! Madam ki mənim yağlı budumu dişinə çəkəcəksən, heç olmasa, yumurtama yazığın gəlsin. Tək qalanda qorxar, canı sıxılar. İcazə ver, onu o biri yumurtamın yanına aparım. Ondan sonra məni yeyərsən.
Tülkü hiyləgər olduğu qədər həm də tamahkar idi. Fikirləşdi ki, beləlilə, toyuğun yuvasının yerini də öyrənmiş olar. Həm toyuğu yeyər, həm də yumurtaları. Belə dedi:
— Yaxşı, toyuq bacı! Mən o qədər də qəddar deyiləm. Yumurtanı götür, apar o biri yumurtanın yanına.
Qara toyuq yumurtasını qoltuğuna vurub kolların arası ilə bir sağa getdi, bir sola, bir sağa getdi, bir sola… Nəhayət, gəlib başqa bir kolun dibinə çatdı. Burada əlavə olaraq bir dənə də yumurta var idi. Tülkü sevinərək qara toyuğun üstünə tullanmaga hazırlaşırdı ki, qara toyuq yenə yazıq-yazıq qaqıldayıb belə dedi:
— A tülkü qardaş! Görürəm, çox mərhəmətli ürəyin var. Bir yaxşılıq eləmisən, birini də elə. İcazə ver, yumurtalarımı aparıb digər toyuqlara tapşırım. Axı üstündə toyuq oturmasa, cücə çıxmaz. Çöldə qalıb heyif olmasınlar.
Tülkü gözlərini qıyıb fikrə getdi: “Hə, deməli, mən bir toyuğun axmaqlığı sayəsində bütün toyuqların yerlərini öyrənə bilərəm”. Tülkü öz hiyləsindən arxayın idi. Yüksək zəkası ilə qürrələndi. Səsini mülayimləşdirib belə dedi:
— Başa düşdüm, toyuq bacı! Sənin xətrinə buna da dözərəm.
Toyuq o biri yumurtanı da qoltuğuna vurub düşdü qabağa. Şələquyruq tülkü onu pusa-pusa arxasınca gedirdi. Gözləri toyuğun yağlı budundan başqa heç nə görmürdü. Necə deyərlər, tamah gözünü kor etmişdi.
Kolluqdan çıxıb düzənliyə çatan kimi toyuq hündürdən qaqıldamağa başladı:
— Qurtarın məni, qıt-qıt, düşmənim gəlir!.. Qurtarın məni, qıt-qıt, düşmənim gəlir!..
Tülkü başını qaldırıb ətrafa boylandı ki, görək toyuq kimdən kömək istəyir. Onun başını kolluqdan çıxarması ilə xoruzun həyəcan siqnalı kimi var gücü ilə çığırması bir oldu. Üç-dörd it hürə-hürə kolluğa tərəf cumdu. Tülkü arxasına çevrilib elə qaçdı, elə qaçdı ki, canını güc-bəla qurtardı. Qara toyuq isə yumurtalarını gətirib sağ-salamat yuvasına çatdırdı.
11.11.2026