Nağıllar, hekayələr

Katarin Sinkler. Devid dayının divlər və pərilər haqqında cəfəng hekayəsi

Keçmiş zamanlarda, çox-çox qədimlərdə uşaqlar indiki kimi ağıllı, dərrakəli, xeyirxah, zəkalı deyildilər, bir sözlə, bu günün uşaqlarına heç bənzəmirdilər. Dərs adı gələn kimi qaçıb siçantək gizlənməyə deşik axtarar, ancaq çarəsiz qalıb sinfə gedərdilər. O vaxtlar da mürgüləmələr şirin, tətil isə böyük rəğbətlə qarşılanar, səbirsizliklə yolu gözlənərdi. Həmin zamanların oyuncaqları riyaziyyat, kimya və ya dənizçilikdə yönü təyin etməyi öyrətmək üçün hazırlanmışdı.

Yəni haqqında danışacağım o vaxtlar çox qəribə dövr idi. Elə o dövrdə acgözlərin ən acgözü, çox dəcəl bir uşaq yaşayırdı — indi görsək, təəccübdən ağzımız açıq qalar. Anasının, atasının kim olduğu, harada qaldığı o qədər də əhəmiyyətli deyil. Uşağın adı Ustad Kitabsız idi. O bu düşüncədə idi: mənim gözlərim var, amma yalnız pəncərədən çölü seyr etmək; ağzım var, o da yalnız yemək üçündür.

Bəli, bu uşaq dərslərə nifrət edirdi, xardalı isə görməyə gözü yox idi. Dərs və ya xardal olan yerdə qarnı ağrıyar, gözləri yaşla dolardı. Məktəbdə dərs zamanı özünü elə göstərirdi ki, guya bütün fikri-zikri kitabdadır. Əslində isə, “başıbatmış məktəbdən canım qurtarsaydı, evə gedib ləzzətlə yeməyimi yeyərdim” deyə düşünər, ya da özünü dadlı-ləzzətli tortların, şokoladların, dondurmaların çox olduğu yerdə xəyal edərdi. Bunları düşünərkən ağzının suyu axıb kitabların üstünə tökülərdi.

Ustad Kitabsız ağzını yalnız nəsə istəmək üçün açardı, ondan ancaq bu cümlələri eşidərdiniz:

— Ata, bu tortu yeyə bilərəm?


— Sara xala, mənə alma ver!


— Ana, ərikli sıyıqdan bir az da istəyirəm!

 

Qarınquluların incisi olan bu oğlanın əlinə fürsət düşən kimi nə görsə götürüb ağzına atar, mədəsini tıxananadək doldurardı. Oğlanın yuxuları belə gündüz qurduğu xəyallar kimi idi: gecələr dərslər qarabasma şəklində gələr, yunan dilində sözlərin boğazına ilan tək sarıldığını, ingilis dili qaydalarının onu daşlayaraq məktəbə qovduğunu görərdi. Hətta bir dəfə yenə yuxusunda ərikli tortun şamlarını üfləyərkən tort zənn etdiyi o rəngbərəng, böyük bir şey latın dilində lüğətə çevrildi.

Bir gün günorta bu yaramaz oğlan min bir yalan-palanla dərsdən qaçıb evə gəlmiş, anasının ən yaxşı, atlas yastıqlarla bəzədilmiş kreslosunda dəri çəkilmiş uzanıb vaxtını öldürürdü. Yanına da bir neçə portağal dilimi qoymuş, əziyyət çəkib qabığını belə soymamışdı. Onu düşündürən yeganə məsələ isə portağalı şəkərli, yoxsa şəkərsiz yeməsi ilə bağlı idi: “Görəsən, hansı daha dadlıdır?” Bu hal onu heyrətə salan qəribə hadisə baş verənəcən davam etdi…

Oğlan kresloda o yan-bu yana fırlananda uzaqdan eşidilən həzin musiqi birdən-birə yüksəldi, yüksəldi və otağın divarında böyük bir deşik açdı. Oğlanın bərələ qalmış gözlərinin qarşısında iki möhtəşəm pəri peyda oldu. Onlar “artıq bu oğlanla danışmağın vaxtıdır” deyib yola düşmüşdülər və qəsrlərindən uçaraq gəlmişdilər. Hər iki pəri sanki bir mərasimdəymiş kimi özünü tanıtdı.

Başının üzərində halqavari və parlaq duman buludu kimi fırlanan Heçbirşeyetmə pərisi xüsusi toxunmuş gözqamaşdırıcı bir libas geyinmişdi. Boynunda ulduzlu daşlardan düzəldilmiş boyunbağı, barmaqlarında üzüklər, qollarında isə işıq saçan, almaz işləməli bilərziklər var idi. Yanaqları gözlərinə qədər qırmızıya boyanmışdı, dişləri qızıl sarısı, işıq saçan saçları bənövşəyi rəngdə idi. Uzun sözün qısası, elə gözəl, elə xoş varlıq idi ki, oğlan gözlərini bir an belə ayırmadan bu mənzərəyə dikmişdi.

 

Ondan sonra Hərşeyöyrət pərisi özünü göstərdi. Bu ikinci pəri isə ağappaq, sadə libas geyinmişdi, açıq-qəhvəyi saçlarının arasında çiçəklər açmışdı. Ustad Kitabsızı birdən-birə titrətmə tutdu, çünki bu pərinin əlində müxtəlif rəngli, çoxlu kitablar var idi.

Pərilər oğlana gözəl vaxt keçirmək üçün uşaqları öz qəsrlərinə dəvət etdiklərini söylədilər. Ancaq qəsrləri fərqli yerlərdə olduğundan əvvəlcə gənc qonağın haraya getmək istədiyini öyrənməli idilər. Görəsən, Ustad Kitabsız kimin sarayına təşrif buyuracaqdı? Pərilər də qonaq hansı saraya getmək istəsə, ona yoldaşlıq edəcəkdilər.

 

Hərşeyöyrət:

— Mənim evimdə, — deyib mehriban səs və üzünü nurlandıran xoş bir təbəssümlə sözə başladı, — çox fərqli şeylərdən zövq ala biləcəyini öyrənəcəksən, çünki mən çalışqanlığı və fəallığı sevirəm. Gənc dostlarım hər səhər yeddidə qalxıb əvvəl gözəl güllərlə bəzədilmiş bağçada yemək yeyər, sonra dəvə-dəvə istədikləri ağacları əkər, qısa müddətdə torpaqla işləməyə öyrəşər, boş vaxtlarında kasıbları ziyarət edər, insanlarla xoş ünsiyyət qurarlar. Daha sonra sənət və bilik dərslərində iştirak edib yaşadıqları bu dünya haqqında bir-birindən maraqlı məlumatlar öyrənər, beləcə, saraya gəlmə məqsədlərini anlayıb ona layiq davranarlar. Xülasə, istər özünü inkişaf etdirmək, istərsə də başqalarına faydalı olmaq üçün hər bir zəhmətin xeyirli tərəfini axtarıb buna yiyələnərlər. Mənim evimə, yəni Bilik sarayına gəlməyi seçsən, orada qaldığın hər gün daha müdrik, daha yaxşı və daha xoşbəxt olarsan.

— Ancaq mənim yaşadığım yerə, yəni Gərəksizlik qəsrinə gəlsən, — deyə Hərşeyöyrətə itələyici təbəssüm və kibr ilə sözə başladı Heçbirşeyetmə, — heç bir şeyə görə məcburiyyət duymayacaqsan. İstədiyin qədər qalib, əlin cibində, ağlın orada-burada gəzib tüfeyli kimi yaşaya bilərsən. Heç kim səndən bircə kəlmə belə olsun, soruşmaz, cavab vermək üçün əziyyət çəkəcəyin bir hal yaşanmaz. Bu, heç kimin görmədiyi, yaşamadığı qədər gözəl və möhtəşəm bir həyatdır, çünki kimsə bir-biri ilə danışmaz. Bütün qonaqlarıma seçilmiş insanlar gözü ilə baxıram. İstər təkbaşına olsun, istər başqaları ilə birlikdə, heç bir kəlmə kəsmədən kresloda uzanıb gözəl vaxt keçirə bilərlər. Sarayımda olarkən ürəyin nə istəsə, qarşında peyda olacaq, heç bir şey yeməyəcəksən, kim haradan gətirdi: təkcə fikrindən “mən filan şey istəyirəm” düşüncəsini keçirməyin kifayətdir. Ən gözəl libaslar evimdə səni gözləyir: nə geyinmək istəsən, əlini belə tərpətmədən düymələr öz-özünə bağlanar, barmağını belə qaldırmadan dünyanın ən yaraşıqlı insanına çevrilərsən. Oyun oynamaq istəyəndə belə düşünməyinə ehtiyac qalmayacaq: hər oyun, hər oyuncaq sarayımda əmrə müntəzir halda yolunu gözləmiş olacaq. Günün istədiyin saatlarında fransız aşpazların bişirdiyi dadlı-ləzzətli yeməklər sobadan yeni çıxmış halda buğlana-buğlana qabağına gətirilər. Yağış yağanda diqqətli olmağın məsləhətdir, çünki buludlardan yerə tökülən su deyil, şərbət, limonad ya da lavanda suyudur. Qışda qar yağanda isə diqqət etsən, görəcəksən ki, yağan şəkər dənələridir.

Ustad Kitabsızın hansı pərini seçdiyini və hansı saraya getdiyini deməyə, məncə, ehtiyac yoxdur. Yuxularda belə görə bilməyəcəyi bu cür əsrarəngiz, möhtəşəm dəvət oğlanı sehrləmişdi. Ona bu qədər zövq və rahatlıq vəd edən pəriyə sevinclə əllərini uzatdı və digər pərinin sual dolu baxışları altında divardakı dəliyin arxasında gözləyən, süd kimi ağ qu quşlarına qoşulmuş, hər yanı məxmərlə örtülmüş, içində isə çoxlu kiçik, yumyumuşaq yastıqlar düzülmüş faytona mindi. Pəri ilə oğlan bir göz qırpımında yuxu kimi səyahətlə gündüz açılan min pəncərə, qaranlıqda isə milyon lampa ilə işıqlanan Gərəksizlik qəsrinə çatdılar.

 

Beləliklə, Ustad Kitabsız burada bitib-tükənməyən, sonu görünməyən tətilinə başladı. İstədiyi qədər arzuladığı şeylərdən yeyir, darıxanda isə hər yanına zər-zinət taxan, gözəl bir qadının ona nağıl danışmasını istəyirdi. Başına pərvanə kimi dolanan xidmətçilər ora-bura tulladığı oyuncaqları yığır, burnunu silmək istəyəndə isə başqa bir qulluqçu qadın cibindən dəsmal çıxarıb onun əvəzinə bu işi görürdü.

Heç bir əziyyət çəkməyən Ustad Kitabsız günlərlə qu tükü yastıqlarda uzanıb yatır, arabir eyvana çıxıb ətrafı seyr edirdi. Sarayın bağçasında üstü qovrulmuş ən dadlı badam və nabatla dolu min cür ağac vardı. Ağacların düz ortasında şərab fontan vururdu, onun yanında isə içində qızılı rəngli balıqlar üzən tərtəmiz sulu hovuz var idi. Üfüqdə gözoxşayan dəniz uzanırdı, amma o da bildiyimiz dənizlərdən deyildi: suyu şipşirin idi. Oğlan istəyəndə qızılbalıq əlinə gəlir, şirin suyu dərhal ağzında hiss edir, ara-sıra əriməyib bağçada ağacların arasında gəzməyə çıxırdı. Heç bir əskikliyi, çətinliyi, yerinə yetirmək məcburiyyətində qaldığı bir işi yox idi. Ancaq qəribəsi budur ki, Ustad Kitabsız ürəyincə olan bu sarayda o qədər də xoşbəxt deyildi. Arzuladığı hər şey dərhal yerinə yetdiyindən getdikcə daha da ərköyünlük və şıltaqlıq edirdi. Artıq yuxusu da şirin deyildi, nəsə yemək üçün zəhmət çəkmədiyindən yeməklər də dadlı gəlmirdi, heç bir oyun da artıq maraq oyatmırdı. Hətta elə bir halda idi ki, “kaş təkcə gecələr deyil, gündüzlər də yata biləydim” deyə düşünürdü.

 

Heçbirşeyetmənin sarayından yüz metr uzaqlıqda, bəlkə də, daha yaxın məsafədə zalımların zalımı, dəhşətli bir bədheybət yaşayırdı. Hərşeyud adlı bu bədheybət ayağa qalxanda böyük bir kilsənin yüksəklikdə asılan zəngi qədər uzun görünürdü, əgər başını qaldırıb o yan-bu yana baxsa, ən hündür dağların ardını görə bilərdi, saçını daramaq üçün belə kimsə nərdivana çıxmalı görə bilərdi, necə nəhəng bir div idi? İndi özünüz təsəvvür edin.

Misli-bərabəri görünməyən böyüklüyə malik bu qədər div hər səhər yeməyindən əvvəl dünyanı gəzməyə çıxar, sonra böyük bir göldən çay suyu götürüb çaydanını Vezüvi dağında qaynadardı. Səhər yeməyini yedikdən sonra boşqablarını ürəyi istəyən dənizdə yuyardı. Bu bədheybət ağzının ləzzətini çox yaxşı bilirdi: axşam yeməklərinə xüsusi diqqət ayırırdı. Ən sevdiyi yemək fil qovurması idi, hələ yanında dəvəquşu ətindən küftə varsa, kefi daha da kökələrdi. Xoşladığı başqa yeməklər arasında soğan qovurmasında bişirilən pələng, aslan buğlaması, balina şorbası da var idi. Ən çox sevdiyi qəlyanaltı isə kiçik, gombul oğlan uşaqları idi. Bəh-bəh, yanında təptəzə çörəklə bol bibərli, duzlu, nar kimi qızaran oğlan uşaqlarının dadından doymazdı.

Hərşeyud çox yaxşı bilirdi ki, dünyada heç bir uşaq Heçbirşeyetmənin sarayındakı oğlanlar qədər dadlı-ləzzətli ola bilməz. Axı onlar çox yaxşı bəslənirdilər. Heçbirşeyetmə isə bəzən zarafatla bağçası üçün “divin xüsusi sahəsi” adı altında sənəd çıxardacağını söyləyirdi. Çünki, əslində, pəri divin istədiyi vaxt bağçasına girib istədiyi oğlan uşağını yeməsinə icazə verirdi. Bu mədəni davranış müqabilində div də pərini xüsusi axşam yeməklərinə qonaq edirdi.

Hərşeyudun ən çox sevdiyi məşğuliyyət isə səhərlər ağzını dadlandıran neçə oğlan uşağı ilə mədəsini doldurduğunun hesabını aparmaq idi. Buna görə də kefi istəyən şəhərləri, kəndləri gəzərkən bütün qonaq otaqlarına kobudcasına göz gəzdirər, pəncərədən küçəni seyr edən, dərsdən qaçan, yaramaz uşaqları özü ilə götürüb aparmaqdan zövq alar, ancaq məşğul, zəhmətkeş uşaqlar əlçatmaz yerlərdə olduğundan onları tuta bilməzdi.

 

Bir gün yenə Ustad Kitabsız özünü həmişəkindən daha tənbəl, daha çarəsiz və daha bədbəxt hiss edəndə möhtəşəm oyuncaqlar və tortlar dağının yanında uzanıb bundan sonra nə arzulayacağını düşünür, hər şeyə və hər kəsə nifrətlə baxırdı. Nəhayət, yorğunluğu və istəksizliyi o qədər böyük əsnəməyə səbəb oldu ki, az qala çənəsi yerindən çıxacaqdı. Üstəlik, elə dərindən “off” elədi ki, naharını yenicə yeyib qurtaran Hərşeyud sarayın qabağından keçəndə bu səsi eşitdi və bu əcaib səsin nə olduğunu anlamaq üçün bağçaya girdi. Başına qoyduğu böyük gözlüyü damlayan toppuş oğlan uşağı nəzərini cəlb etdi. Çəmənlikdə divin ağzının suyu axdı. Bəs kilometr uzaqdan eşidilən qəhqəhəsi ətrafı silkələdi, nə olduğunu anlamağa imkan tapmayan Ustad Kitabsızı baş və işarət barmağı ilə qapıb yerindən götürüldü. Bədheybətin böyük, qalın barmaqları arasında qabırğalarının qırılacağını hiss edən uşaq “axı mən heç bir div-filan ağlımdan keçirmədim” deyə düşündü. Hərşeyud iti addımlarla sarayına yollanarkən olanları kənardan izləyən Heçbirşeyetməyə gülərək divin arxasınca səsləndi:

— Düzü, bu oğlan işimə çox yaradı. Onun sayəsində sarayının ən dadlı və məşhur yeməklərindən, əlbəttə, mən də dadaram. Gəldiyi hələ bir həftə olmasına baxmayaraq, öküz qədər yeyib kökəldi. Bax, mükafatım böyük olsun gərək. Hamısını yemə ha, bir az da mənə saxla!

Ancaq divin pərinin sözlərinə qulaq verəcək halı yox idi, qənimətini götürüb tez evinə döndü. Evinə çatar-çatmaz da Ustad Kitabsızı saçlarından tutub mətbəxdəki böyük qarmaqdan asdı. Əvvəlcə oğlan daha yaxşı qızarsın deyə çəlləkdən götürdüyü yağı uşağın boğazına tökdü. Sonra ocaqdakı alovu qarışdırıb bir az odun atdı ki, gur alovda qızararkən ciyərləri şişər, beləcə, çox ləzzətli olar. Qarınqulu div bu ocağın qırağında az uşaq ciyəri dadmamışdı. Başına gələn bu müsibətə inana bilməyən Ustad Kitabsız divi müşahidə edərkən yanındakı şkafda altı oğlan uşağının cəsədini gördü. Əvvəllər bu uşaqları Heçbirşeyetmənin bağçasında görmüşdü. Onların heç kimin köməyi olmadan istədikləri şeyləri əldə etməyin, tüfeyli, avara həyat yaşamağın sevinci ilə necə ürəkdən gülüşdüklərini xatırladı.

 

Bədheybətin aşpazının önlüyünü taxıb özü kimi div boyda bir bıçaqla ona tərəf baxdığını görəndə, pərinin sarayında ağzından kəlmə çıxmayan Ustad Kitabsız dəli dana kimi çırpınmağa, həyatında indiyəcən çıxartmadığı səslərlə çığırıb-bağırmağa başladı. Div onun qışqırdığını görüncə dedi:

— Mən dünyada qamçılanıb ölən donuzlardan daha çox səs çıxaran ikinci bir canlı tanımıram. Amma, görünür, sən onlardan daha məharətlisən. Əgər bir də səsini çıxarsan, sınayacağam. Üstəlik, yeməyimi təzə yemişəm, məşq edib acmış olaram.

Bədbəxt uşağın bu sözlərin dəhşəti ilə birgə duyduğu sevinc hissinin təsviri mümkün deyil: hələ bir-iki saat həyatda qalacağına görə təsəlli tapmışdı. Bədheybət oğlanı mətbəxdə asılı halda qoyub gedəndə onu fikir götürdü. Ağlı ilə bədəni ağrı-acı içində bir balıqtək qarmağa keçirilmiş vəziyyətdə ikən yaşadığı bütün həyatı gözü önündə canlandı. Evi, yaşayışı heç də pis deyildi, hər uşaq kimi xoşbəxt ola biləcək bir həyat sürürdü. Bir az əziyyət çəkib işləsəydi, dərs oxusaydı, zəhmətdən sonra gələn oyun saatının nə qədər gözəl ola biləcəyinin fərqinə vardı. Artıq hər şeyi anlayırdı, göz yaşları sel kimi axıb tökülürdü.

Ustad Kitabsız doğru qərara gəlmişdi, amma çox gecikmişdi. Birdən mətbəx pəncərəsinin çölündən gələn səslərə qulaq verdi. Kimsə danışıb-gülür, mahnı oxuyurdu. O yan-bu yana çapalayaraq çölə baxmağa çalışdı, güc-bəla ilə gördü ki, bu səslər Hərşeyöyrətin bağçasından gəlir. Oğlan bağçanı seyr etməyə başladı. Al yanaqlı uşaqların bəziləri torpaqda işləyə-işləyə gah danışıb-gülür, gah da fərqli mövzularla bağlı şirin-şirin mübahisə edirdi. Necə də xoşbəxt görünürdülər… Ustad Kitabsız onlara baxıb qibtə etdi. O burada qarmağa taxılı vəziyyətdə ağrı və qorxu içində qıvrılarkən, çöldə uşaqlar şən, sevinclə çiçəklərin dibini yumşaldır, kimisi meyvə yığır, kimisi tərəvəzləri səbətlərə doldurub kasıblara paylayır, kimisi də xaratlıq edir, şəkil çəkir, ox atır, kriket oynayır, sonra da oturub dərs oxuyurdular. Hələ dərs zamanı icazə istəyib fikir mübadiləsi də edirdilər.

 

Elə bu dəm axşam yeməyinin zəngi çalındı və hamısı bağçada hazırlanmış süfrədə oturub sevinc və xoşbəxtlik içində şam yeməyə başladı. Yemək sıyıq və qızardılmış ətdən ibarət idi. Süfrənin başında əyləşən Hərşeyöyrət pərisi də uşaqların boşqablarına istədikləri qədər yemək qoyur, hər mövzuda ona verilən sualları bir-bir cavablandırmağa çalışırdı.

Bu mənzərə qarşısında Ustad Kitabsız artıq özünü tuta bilməyib hıçqıraraq hönkür-hönkür ağlamağa başladı. Özü üçün xeyirli olanı seçib Heçbirşeyetmənin sarayında yorğun və aciz saatlar keçirməkdənsə, indi bu xoşbəxt uşaqlardan biri ola bilərdi, ən əsası isə qorxu içində ölümünü gözləməzdi. Birdən ürəyi daha şiddətlə döyünməyə başladı: “Dup! Dup!” Çünki div ətrafı vəlvələyə salan addımlarla mətbəxə tərəf irəliləyir, gələ-gələ də aşpazına tapşırıqlar verirdi. Aşpaz isə Hərşeyuda söyləyirdi ki, əgər bu axşam arzuladığı kimi şam yeməyi istəyirsə, onda gərək bir neçə uşaq da tapıb gətirsin. Yoxsa bircəcəyi onun dişinin arasında qalacaqdı.

Div vaxtını boş keçirməyi sevməzdi, xoşladığı işlərlə məşğul olardı. O gün də saat 9-dakı yemək vaxtınacan xeyli boş zamanı vardı ki, rəsm çəkib, balıq tutsun. İndi uşaq arxasınca düşmək məcburiyyəti bir o qədər də ürəyincə olmadı. Deyinə-deyinə bütün səbətlərini qoluna taxıb Hərşeyöyrətin sarayına yollandı. Qurbanı alsa, daha tez evinə qayıda bilərdi, ancaq indi işi heç də asan olmayacaqdı. Belə ki, Hərşeyudun tez-tez “ziyarət etdiyi” bir qonşusu deyildi, çünki sarayın divarları çox möhkəm və yüksək idi. Üstəlik, sarayın sakinləri də sarayı can-başla qoruyurdular. Buna görə də indiyədək bircə uşaq da oğurlaya bilməmişdi. Ancaq di gəl ki, bu gün Hərşeyud hiddətindən həmin saraydan uşaq oğurlamağa qərar vermişdi, həm də o qədər yolu gəlib əliboş Heçbirşeyetmənin sarayına qayıtmağa taqəti yox idi.

 

Uzun qollarını çırmalayıb özünü qorxusuz və güclü hiss edən div lovğalıqla Hərşeyöyrətin sarayına üz tutdu. Kim bilir, bəlkə, süfrə arxasında əyləşən uşaqlardan bir neçəsini tuta bilsə, sabah da çərəz edərdi. Elə güclü, ədalı və qətiyyətlə addımlayırdı ki, görsəniz, “bir azdan bu hikkə ilə səhvən özünü də udacaq” deyərdiniz.

Saraya hücum edəcəyini səs-küylə bildirən div qapını döyməyə başlayanda buradakı uşaqlar qorxudan donub qaldılar. Amma əvvəllər də belə bir vəziyyətlə qarşılaşan əlli kiçik cəngavər Hərşeyöyrətin liderliyi altında nə edəcəklərini çox yaxşı bilir və canlarını təhlükəyə ataraq özlərini qorumağı bacarırdılar. Odur ki, ləngimədən, vaxtsız gələn, çağırılmamış qonaq qapını qırıb içəri girən kimi güclərini birləşdirib əllərinə nə gəlsə — çəngəl, bıçaq, qaşıqla hücuma keçdilər. Div qarışqa yuvasına girib peşman olan siçana bənzəyirdi. Acılar içində qaçmağa hazırlaşan divin məqsədini anlayan Hərşeyöyrət qanadlanıb bədheybətin üstünə atıldı və əlindəki oyma bıçağını ürəyinə sancdı.

O dəhşətli görüntünü təsvir etmək üçün nə qədər söz desək, əbəsdir. Böyük bir dağ dünyanın üzərinə düşsə, yenə də Hərşeyudun yerə yıxılması qədər səs-küy çıxara bilməzdi. Nəhəng div Hərşeyöyrətin zərbəsi ilə uşaqların təhsil aldığı üç boş binanın üzərinə yıxılmışdı. Binalar uçub-dağıldı, toz-dumandan göz-gözü görmədi. Gurultu səsindən çölə çıxan insanlar nə baş verdiyini anlamağa çalışırdılar. Əslində, bunları danışmaqda məqsədim var, yoxsa bu qədər sözə ehtiyac yoxdur. Deməli, qopan gurultunun səsinə gələn Heçbirşeyetmə pərisi kömək edəcəyi halda kənardan qayğısız, laqeydcasına dayanıb olanları izləyirdi. Kimin qalib gələcəyini vecinə almayan tənbəl pəri qaçmağa belə çalışmırdı. Div yerə yeksan olarkən əlindəki qılınc zərbdən uçub pis xasiyyətli pərinin başını yardı.

 

Bəli, bu bütün dünya üçün böyük xoşbəxtlik idi. Bu gözəl gündə Hərşeyudla Heçbirşeyetmənin bütün sərvəti Hərşeyöyrətin əlinə keçdi və xeyirxahlıq pərisi bütün gücündən yalnız yaxşılıq üçün istifadə etdi.

Əvvəlcə özünü Hərşeyudun sarayına çatdırıb Ustad Kitabsızı qarmaqdan xilas etdi, oğlana xeyirxahlıq, mehribanlıq, yaxşılıqla bağlı nəsihətlər verdi. Oğlan pərinin şirin, ancaq sərt nitqini başını aşağı salaraq peşman-peşman dinlədi. Bu toppuş oğlan aldığı dərsi heç vaxt unutmayacaqdı. Sonra Ustad Kitabsız pərinin yanında yaşamağa başladı. Oğlanın bütün fikir və davranışlarında yaxşılığa doğru dəyişiklik görən pəri heyrətləndi, amma bir o qədər də sevindi. Həqiqətən də, Ustad Kitabsız tamamilə başqa bir adam olmuşdu: əvvəlki tənbəl, aciz, vecsiz oğlan getmiş, yerinə çalışqanlığı, enerjisi və xoşbəxtliyi ilə seçilən şən bir uşaq gəlmişdi.

 

Bir neçə aydan sonra evinə qayıdan Ustad Kitabsız bu inanılmaz dəyişikliyi ilə müəllimlərini də təəccübləndirdi. Artıq ən çətin dərslərdən belə zövq alır, əlində kitab olmasa, heç bir yerə getmir, kresloda uzanıb saatlarla yatmır, tətilə nifrət edir, heç bir tapşırığı lazımsız sayıb boş qoymur, təpənin başına sürünərək deyil, dırmaşaraq çıxır, acanda həddindən artıq yox, lazımınca yeyirdi. Xeyirxahlıq Cəmiyyəti adlı bir dərnəyə yazılan bu oğlan layiq olmadığı bir tikəni də ağzına qoymurdu.

Oğlan artıq həm hərəkət edib arıqlayır, həm də ağlını işlədir, xoş xarakteri, çalışqanlığı ilə hamının rəğbətini qazanırdı. Hətta Ustad Kitabsızın acizliyi və tənbəlliyindən utanan əmisi belə artıq ona heyranlıqla baxır, öləndən sonra soyadını götürmək şərti ilə bütün var-dövlətini oğlana miras qoyur. Oğlan da böyüyəndən sonra vəsiyyətə uyub soyadını Ustad Həmişəkitab olaraq dəyişdirir. Çalışqanlığı, zəhmətkeşliyi və araşdırmaçılıq bacarığı ilə bütün dünyaya nümunə olur.

Ümumən xoşniyyət və mehriban olan Ustad Həmişəkitabın bəzən əsəbi halda balaca oğlanları danladığını da görə bilərsiniz. Ancaq araşdırsanız, görərsiniz ki, bu uşaqlar tüfeyli, tənbəl, acgöz və avaradırlar. Yaşadığı ərazidəki bütün oğlan uşaqları öyrənmək və çalışmağın nə olduğunu dərk etdikləri zaman onun yanına gəlib ustad dərsi alarlar. Ustad Həmişəkitab isə hər şeydən əvvəl onlara yaramazlıq etməkdənsə, yolda daş qırmağın insanı daha çox xoşbəxt edəcəyini söyləyər.

Ustad şeirdən anlamadığını iddia etsə də, yoxsullar üçün tikdirdiyi bir məktəbin girişindəki lövhədə onun dilindən bütün şagird və müəllimlərin əzbər bildiyi bu misralar yazılıb:

 

Xoş gəldin məktəbinə, bəxtəvər, kiçik insan,
Yalnız çalışmağındır görəcəyin iş bu an.
Boş yerə vaxt itirmə, səni gözləmir zaman,
Alın təridir dəyər, qalan bütün şey yalan.