Balkar nağılı. İki xan
Keçmiş zamanlarda bir aulda iki xan yaşayırmış. Bu xanlar tez-tez bir-birinə qonaq gedirmişlər. Bunların ikisi də çox varlı-hallı imiş, ikisi də öz var-dövlətləri ilə yaman qürrələnərmiş.
Günlərin bir günü xanların birinin yanına uzaq auldan cavan bir çoban gəlir. O deyir:
— Mən çobanlıq eləmək istəyirəm.
Elə xana da çoban lazım idi, ona görə də oğlanı işə götürmək istəyir. Xan fikirləşir: “Şübhəsiz ki, bu, təmiz adamdır”. Xan oğlanı götürüb aparır sürüsünün, mal-qarasının yanına, deyir:
— Bax, bütün var-dövlətim budur. Onlardan göz-qulaq ol. Qoru onları. Sənə etibar edirəm.
Özü isə qayıdıb gəlir evinə, başlayır sakitcə yaşamağa. Daha otlağa-zada gedib-eləmir. İkinci xan onu paxıllığı tutur, odur ki deyir:
— Görürəm, yaman xatircəmsən, dinc-rahat yaşayırsan, qayğı, dərd çəkmirsən, daha heç otlağa da gedib-eləmirsən.
— Yox, — xan etiraz edir, — cöngəni də yeyən deyiləm. Heç burada qonaq da qalmaq istəmirəm.
Çoban xanın gözəl-göyçək qızına baxa-baxa fikirləşir: “Necə eləyim ki, onları qonaq saxlaya bilim?” Deyir:
— Hörmətli qonaq, bəs siz nə yeyəcəksiniz? Ürəyiniz nə istəsə, onu hazırlayaram.
Xan deyir:
— Əgər sən kürən ayğırı kəssən, onda qızımla onu yeyərik, gecəni də yanında qalarıq.
Bu kürən ayğır ilxının ən yaxşısı, qabaqda gedəni idi. Xan sahibkar bu ayğırlə qürrələnirdi, onu çox sevirdi… Ancaq qonağı yaxşı qəbul etmək lazım idi, əməlli-başlı yedirmək-içirmək gərək idi ki, razı qalsın. Odur ki çoban kürən ayğırı tutub kəsir. Qonaqlarını lazımınca razı salır.
Səhər xan qızı ilə qayıdıb gedir evinə. Sonra da yollanır qonşusu xanın yanına. Gəlib deyir:
— Hə, xan, çobanını çağırtdır gəlsin, soruş gör, hər şey yerli-yerindədir, mal-qara salamatdırmı? Qulaq asaq görək, sənin bu tərifli işçin səni necə aldadacaq?
Birinci xan adam göndərdi ki, cavan oğlanı çağırsın. Cavan oğlan gələ-gələ fikirləşirdi: “Xan məndən xəbər alsa, mal-qara salamatdır, mən ona nə cavab verim?” Oğlan çomağını torpağa sancır, papağını keçirir çomağın başına, başlayır ağacla məsləhətləşməyə.
— Xana deyərəm ki, ayğır sıldırımdan yıxıldı.
Ağac deyir:
— Xana belə cavab vermək olmaz. Axı bizdə sıldırım yoxdur.
— Xana deyərəm ki, ayğırı canavar parçalayib.
Ağac deyir:
— Xana belə cavab vermək olmaz! Ayğır o biri atları qoruyur, canavar ayğırı parçalamaz.
— Xana deyərəm ki, bir məlun xan öz gözəl-göyçək qızı ilə qonaq gəlmişdi. Mən belə qərara gəldim ki, xanı layiqincə qonaq etmək lazımdır. Qoyun təklif elədim, istəmədi, cöngə təklif elədim, istəmədi. Soruşdum ki, nə istəyir, dedi ki: “Kürən ayğırı. Bax onda qonağın ollam, yanında qalıb gecələrəm”. Mən də ondan ötrü ayğırı kəsməli oldum. Yerdə qalan mal-qara yerindədir.
— Bax bu, xana veriləsi cavabdır, — ağac deyir. — Sən çox düz cavab axtarıb tapmısan. İndi get, qorxub-eləmə.
Cavan oğlan papağı qoydu başına, çomağı aldı əlinə, getdi xanın yanına. Gördü ki, dünən ona qonaq olan xan da orada oturub. Sahibi xan xəbər alır:
— De görüm, mənim vicdanlı çobanım, bərkdən də. Mal-qaram sağ-salamatdırmı?
Cavan oğlan cavab verir:
— Şükür Allaha, sizin mal-qara salamatdır, bircə kürən ayğır yoxdur.
Sahibkar xan hövlənək yerindən sıçrayıb qışqırır:
— Necə yəni ayğır yoxdur? Mənim sevimli kürən ayğırım hara gedib ki?
Cavan oğlan cavab verir:
— Məsələ belə olub. Bir nəfər məlun xan öz gözəl-göyçək qızı ilə yanıma qonaq gəlmişdi. Fikirləşdim ki, bu xanı layiqincə qonaq eləmək lazımdır. Qoyun təklif elədim, istəmədi, cöngə təklif elədim, istəmədi. Xəbər aldım, nə istəyir, dedi ki, kürən ayğırı. Onda, deyir, qonağın da ollam, gecə də qallam. Mən də kürən ayğırı kəsməli oldum. Yerdə qalan mal-qara isə sağ-salamat durur.
Cavan oğlan bax belə mərd-mərdanə cavab verdi. Lap düzünü dedi. Qonaq xan kirimişcə durmuşdu. Ev sahibi ondan xəbər alır:
— Hə, nədir, mənim ilxıçım, bəlkə, düz demədi? Sən onu yalan danışmağa məcbur eləyə bildin?
Qonaq xan cavab verir:
— Yox, məcbur eləyə bilmədim. Mən uduzdum. İkinci xan bütün mal-qarasını, var-dövlətini birinci xana verməli olur.
Elə o vaxtdan bizim dağlarda belə bir məsəl gəzir: “Çoban çomağı ilə məsləhətləşir”.
12.11.2026