Bu maraqlıdır!

Yunan heykəlləri hansı rəngdə imiş?

Artıq 25 ildir ki, Almaniyada professor Vinsent Brikmanın rəhbərliyi altında qədim yunan heykəltəraşlarının öz sənət əsərlərini boyadıqları materiallar tədqiq olunur. Zaman boyaları silib aparsa da,  müasir texnologiya heykəllərin ilkin görünüşünü üzə çıxarmağa imkan verir. Ultrabənövşəyi şüalar boya qalıqlarının ən kiçik hissəciklərini belə göstərir, infraqırmızı şüaların və rentgenoskopik cihazların köməyi ilə arxeoloqlar boyanın hansı maddələrdən hazırlandığını müəyyən edə bilirlər. Sən demə, heykəllərin saçları sarı və ya qəhvəyi boya ilə rənglənirmiş. Heykəlin daha canlı görünməsi üçün onun çılpaq yerlərinə mumla qarışdırılmış boya çəkirmişlər. Geyim isə parlaq rəngdə olmaqla yanaşı, naxışlarla bəzədilirmiş. Bəzən simvolik rənglərdən istifadə olunurmuş. Məsələn, atların yalı qırmızı və ya yaşıl rənglə boyanırmış.


Bütün bunları gözləri ilə görmək istəyən rəssamlar qazıntılarda şəxsən iştirak etmişdilər. Bu vaxta qədər hər kəs yunan heykəllərinin ağ rəngdə olduğunu düşünürdü. Ağ mərmər isə qərb sivilizasiyasının üstünlük simvolu hesab olunurdu.  


Ağ rəngli yunan heykəltəraşlığı maarifçi filosoflar və Amerika xalqının liderləri (Ağ evi xatırlayın) üçün azad şəxsiyyəti simvolizə edirdi. Əsrlər boyu insanlar mərmər üzərindəki kölgə oyunlarına heyranlıqla tamaşa etmişlər. İndi bu heykəllərin yaranışdan ağ rəngdə olmadığını bilə-bilə,  onları belə də qəbul edirik.