Təbiət

Güllərin şahı qızılgül

İnsanlar ad günündə və bayram günlərində  yaxınlarına adətən nə bağışlamağa çalışırlar? Çox vaxt bir dəstə gül, daha çox isə qızılgül dəstəsi.


Güllərin şahı sayılan qızılgül o qədər sevilir ki, dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ və İranda  milli  gül sayılır. Qızılgül ləçəklərindən hazırlanmış dadlı mürəbbə Azərbaycanda çay süfrələrinin bəzəyidir. Yabanı qızılgülün bəzi sortlarına hətta Şimal Qütb  Dairəsində təsadüf edilir. Mədəniləşdirilmiş qızılgülün yaşı təqribən  5000 ildir. Hazırda bu əsrarəngiz bitkinin  300-ə yaxın növü və 3000 sortu vardır.


Uşaqlar, dünyada ən qədim qızılgül kolunun  Almaniyada bitdiyini bilirsinizmi? Həmin qızılgül kolu artıq 1000 ildir ki, Hildeshaym  şəhəri  kilsəsinin yanında bitir. Onun  hündürlüyü az qala kilsənin dam örtüyünə çatır. Si adlı çox maraqlı  qızılgül sortunun qönçələrinin ölçüsü çəltik dənəsi boydadır.


Bir çoxlarınız  çay qızılgülü barədə eşitmisiniz. Onu rənginə görə deyil,  təzə dəmlənmiş yüngül çay ətri gəldiyi üçün belə adlandırmışlar.


Bu məlumat isə sizi mütləq maraqlandıracaqdır.  Yaponiya bioloqları rəngini dəyişən  çox maraqlı qızılgül sortu yetişdirmişlər. Səhərlər  ləçəkləri  al qırmızı rəngə boyanan bu qızılgül axşama doğru  rəngini dəyişərək ağappaq olur.