Bu maraqlıdır!

Tac-Mahal - dünya memarlığının şah əsəri

Hindistanın Aqra şəhərində,  Camna çayı sahilində yerləşən Tac-Mahal dünya  memarlığının şah əsəridir.  Bu abidə Böyük Moğolların türk, islam və hind memarlıq üslublarının elementlərini birləşdirən ən möhtəşəm abidəsidir.  Böyük Moğollar  İmperiyasının  hökmdarı,   Əmir Teymurun nəslindən olan Cahan şahın əmri  ilə ucaldılmış Tac-Mahal həm də  əbədi məhəbbətin rəmzidir.

 


Bəs belə bir möcüzəni yaratmağa Cahan şahı nə sövq etmişdi?  1630-cu ildə Cahan şaha böyük kədər üz verdi.  Xanımı Mümtaz Mahal Banu Bəyim  14-cü övladını dünyaya gətirən zaman gözlərini əbədi yumdu. Heç cür ovuna bilməyən  Cahan şah bir il sonra Mümtaz Mahala böyük məhəbbətini misli görünməmiş memarlıq abidəsində əbədiləşdirmək qərarına gəldi.

 


Türbənin tikintisi 1652-ci ildə başa çatdı. Tac-Mahalı ərsəyə gətirmək üçün  minlərlə sənətkar gecə-gündüz çalışdı.

 


Böyük və gözəl fəvvarəli bağ içində  salınmış  Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki  4 minarədən ibarət tikilidir.  Türbənin xarici  görünüşü  mütləq simmetriya konsepsiyasına  söykənir  və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.

 


Tac-Mahalın divarları  yarımşəffaf ağ  mərmərlə örtülüb.  Rəngini dəyişən, daha doğrusu, belə bir təsəvvür yaradan mərməri  inşaat yerinin 300 kilometrliyində yerləşən daş karxanasından gətirirdilər. Mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə  gümüşü  rəngə çalırdı.  Dekorativ elementlər müxtəlif boya, suvaq, daş inkrustasiya və oyma fiqurların köməyi ilə yaradılıb.  Kompleksin divarlarına dekorativ elementlər kimi  Qurani-Kərimdən parçalar həkk olunub.  Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari,  sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ  yarımqiymətli və qiymətli  daşlardan istifadə olunub. Bu daşları  hətta Çin, Əfqanıstan, Tibet və Şri-Lankadan gətirirdilər.Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikib.

 


Türbəni bəzəyən  günbəzlər qızıl suyu çəkilmiş  fiqurlarla tamamlanıb.  Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü  35 metrdir.  Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır.  
Saray ümumən 1,2 hektar ərazidə yerləşir. 


Əfsanəyə görə,  Camna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini  birləşdirmək üçün çayın üzərindən boz mərmərdən körpü çəkilməli idi. Amma Cahan şah bu niyyətini həyata keçirməyə macal tapmır.
Tac-Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Cahan şahı devirir və onu  Dehli qalasına salır.  Ölümündən sonra onu sevimli xanımının  yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içindədir.

 


XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya   əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları  söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı  yenidənqurma  işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti  xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.

 


Tac-Mahal  Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə  UNESCO-nun  Dünya Mədəni İrs Siyahısına,  2007-ci ildə  isə  ümumdünya səsverməsi nəticəsində  Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.