Xəbərlər

Xaçmazda keçirilən “Kitab bayramı”nda 2500-dən çox kitab nümayiş olunub

Xaçmaz, 22 may, Elxan Yusifli, AZƏRTAC

 

Mayın 22-də Xaçmaz şəhərindəki “Fəvvarələr bağı”nda təşkil olunan ənənəvi “Kitab bayramı”nda 2500-dən çox kitab nümayiş etdirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, mədəniyyət şöbəsinin mərkəzləşdirilmiş kitabxanalar sisteminin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

 

“Kitab bayramı”nda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən, eləcə də Azərbaycan folkloruna, xarici yazıçılara aid kitablar oxucular tərəfindən maraqla qarşılanıb. Mərasimdə “Tarix yaradan şəxsiyyət”, “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il”, “Doğma Qarabağım”, “Azərbaycan dili xalqımızın mənəvi sərvətidir” və başqa mövzularda kitab stendləri qurulub. Tədbir zamanı 100-ə yaxın oxucu kitabxanaya üzv qəbul olunub.

 

Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanov bildirib ki, ənənəvi “Kitab bayramı”nın keçirilməsinin məqsədi texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdir.

 

Tədbirdə məktəblilərin ifasında kitablara həsr olunmuş bədii kompozisiya təqdim edilib.