Görkəmli şəxsiyyətlər

Teatrsevənlərin «qaynanası» - Nəsibə Zeynalova

Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan, Azərbaycan teatrsevənləri arasında “qaynana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi olan Cahangir Zeynalov ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 

 

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana getmiş, sentyabr ayında Bakıya qayıdanda, gəmidə yatalaq xəstəliyinə tutularaq qısa müddətdə dünyasını dəyişdi. 

 

Nəsibənin o vaxt iki yaşı vardı. Arzusunun gerçəkləşdiyini görmək ataya nəsib olmasa da, buna baxmayaraq Nəsibə Zeynalova atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

 

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi.

 

1932-ci ildə Rza Təhmasibin dram dərnəyinin üzvü olub, sonrakı illərdə Bakıda fəaliyyət göstərən səyyar teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. 

 

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul olunmuşdur. Elə həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. 

 

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb. 

 

Ömrünü Musiqili Komediya Teatrına həsr edən aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə–ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov ) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

 

 

Onun zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale (“Keto və Kote”, Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina (“İki ağanın bir nökəri”, Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım (“Məhəbbət gülü”, türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma (“Şirin arzular”. Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya (“Tiflis nəğməsi”, Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam (“Qız anası”, (“Sevgilimin anası”), Georgi Xudayev və A. Ovanov) rollarının xüsusi yeri var.


Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa bir sıra rollarının əvəzsiz ifaçısı sayılır. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbbi reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.


Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, televiziya tamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir. 

 


Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.


1974-cü ildə Rauf Kazımovsi onun yaradıcılığı barədə “Aktrisanın təbəssümü” televiziya filmi çəkib.


Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal olub. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi.

 

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.