Bəzz qalası
Bəzz qalası Cənubi Azərbaycanda (İran), Qaradağ mahalının Kəleybər qəsəbəsi yaxınlığında yerləşir.
Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün ona Babək qalası da deyilir. Qala dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə inşa olunub.
Qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr, həmçinin təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılıb.
Bəzz qalası xürrəmilərin rəhbərlərindən olan xırda feodal Cavidana mənsub idi. Qala xürrəmilərin mərkəzi olub. Cavidanın vəfatından sonra xürrəmilər hərəkatına Babək başçılıq edib. Ərəblər 837-ci ildə sərkərdə Afşinin başçılığı ilə Bəzz qalasını mühasirəyə almışdılar. 837-ci il avqustun 26-da Bəzz yaxınlığında baş verən döyüşdə ərəblər 100 min, xürrəmilər isə 80 min döyüşçü itirdilər. Çətinliklə də olsa ərəblər qalanı ala bildilər.