Odlar Yurdu

Kiş alban məbədi

Azərbaycanın tarixi-mədəni abidələri bu ölkənin nə qədər qədim və müstəqil tarixə malik olduğunu göstərir. Belə abidələrdən biri də Şəki rayonunun Kiş kəndində yerləşən Kiş Alban məbədidir.


Məlumdur ki, islamdan əvvəl Azərbaycanda yerli əhalinin böyük hissəsi oda sitayiş edir və atəşpərəst sayılırdı.


Lakin Azərbaycanın bəzi bölgələrində digər səmavi din olan xristianlıq da yayılmışdı.


Mənbələrdə göstərilir ki, xristianlıq ölkəmizin ərazisinə müqəddəs Yelisey vasitəsilə gətirilib. Xristianlığın əsasını qoymuş İsa peyğəmbərin ardıcıllarına həvari deyirdilər. Müqəddəs Yelisey də bu həvarilərdən biri idi. O, İsanın din qardaşı Yakovun tapşırığı ilə bizim eranın 50-ci illərində Uti vilayətinin Kiş kəndinə gəlir və burada kilsə tikdirir. Beləliklə, ehtimal olunur ki, eramızın I-II əsrlərində Kiş Alban məbədi bu bölgədə xristianlığı qəbul edənlər üçün ibadətgah yeri olmuşdur.


Müqayisə üçün demək lazımdır ki, bədxah erməni qonşularımız ilk xristian məbədlərini IV əsrdə tikməyə başlamışdır. Lakin onlar Azərbaycan ərazisində mövcud olan abidələri erməni kilsəsi kimi qələmə verməyə çalışmışlar. 


Görkəmli Azərbayca dramaturqu və pedaqoqu, əslən Şəkili olan Rəşid bəy Əfəndiyev yazırdı ki, Nuxa (Şəki) şəhərinə köçmüş ermənilər “kilsəni mənimsəmişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalla kilsənin zahirini tarixi abidə halından çıxarmışlar”.


Rəşid bəy bu kilsənin “həvarilər zamanından qalma” olduğunu vurğulamaqla yanaşı, həm də qeyd etmişdir ki, abidənin ətrafında qazıntılar aparılarsa, “gözəl nəticələr verməyi şübhəsizdir”.


Doğurdan da, sonralar aparılan arxeoloji tədqiqatlar Kiş kilsəsinin albanlara olduğunu sübut etdi.


2000 yaşı olan məbədin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi ilə izah edirlər. Bu cür xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.


Məbədin içərisində yerləşən dərinliyi 5 metr, eni 3 metr olan katakomba tipli sərdabənin içərisində 20-25 nəfər insanın dəfn edildiyi bildirilir. Bu insanların boylarının hündürlüyü 2m-2,20 sm-dir. 


Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq planlaşdırma xüsusiyyətləri, kompozisiya fəndləri, inşaat üslubu və texnologiyası abidənin Alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasının bariz nümunəsidir. Beləliklə məbəd yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim Alban məbədi sayılır. 2001-ci ildən başlanan bərpa işləri zamanı məbəd XIX əsrdə xələl gətirən saxta əlavələrdən təmizləndi və öz ilkin arxitekturasına qaytarıldı. 2003-cü ildə bərpa işləri tamamilə başa çatdırıldı.


Şəki rayonunun Kiş kəndində yerləşən “Alban məbədi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.