Bumeranqın icadı
Aborigenlərin ov və döyüş silahını – bumeranqı kim tanımır ki. Əksəriyyət əmindir ki, bumeranq Avstraliyada icad edilib və qədimdə yalnız bu qitədə istifadə olunub. Çoxumuz hətta uşaqlıqda özümüzü Avstraliya aborigenlərinə bənzədərək ağacdan bumeranq da düzəltmişik və onun hədəfə dəydikdən sonra niyə geri qayıtmadığına təəccüblənmişik. Axı oxumuşuq və kinolarda görmüşük ki, bu əyri, yastı, balaca dəyənək fırlana-fırlana sonda mütləq atıldığı nöqtəyə qayıdır. Hələ də belə düşünürük. Ona görə də kiminsə pis əməli özünə qayıdanda bunu “bumeranq effekti” adlandırırıq.
Maraqlıdır ki, bumeranq haqqında bu təsəvvürlərdə bir neçə yanlışlığa yol verilmişdir.
Əvvəla, bumeranqın məhz Avstraliyada icad olunduğuna dair heç bir sübut yoxdur. Son arxeoloji qazıntılar göstərir ki, bumeranqı avropalılar ixtira ediblər. Qazıntılar zamanı üzə çıxarılmış ən qədim Avstraliya bu meranqlarının yaşı 10-15 min ildir. Karpat dağlarındakı mağaralardan birin də tapılmış bumeranqın yaşının isə azı 23 min il olduğu müəyyənləşdirilib. Həmin bumeranqın buraya Avstraliyadan gətirildiyini güman etmək olmaz. Təkcə yolun uzaqlığına görə yox, həm də ona görə ki, bu alət mamontun diş sümüyündən düzəldilib.
Beləliklə, bumeranqdan yalnız Avstraliyada deyil, dünyanın müxtəlif qitələrində istifadə olunub. Hətta Misirdə Tutanxamonun sərdabəsi yaxınlığında fil sümüyündən olan bəzəkli bumeranqlar aşkar edilib. Braziliya şamanları isə bu gün də bumeranqdan dini ayinlərin icrası zamanı istifadə edirlər.
Bumeranq mütləq atıldığı yerə qayıdırmı? Sən demə, bu alətlərin əksəriyyətinin belə xüsusiyyəti yoxdur.
Ümumiyyətlə, bumeranqlar iki yerə bölünür: qayıdan və qayıtmayan bumeranqlar. Geri qayıtmayan bumeranqlardan, adətən, döyüşdə və iri heyvan ovunda istifadə edirdilər, geri qayıdan – “ağıllı” bumeranqlar isə daha çox quş ovu, oyunlar və dini ayinlər üçün idi.
“Ağıllı” bumeranq düzəltmək bizim uşaqlıqda düşündüyümüz qədər də sadə iş deyil. Onun sirrini açmaq üçün holland alimi Feliks Hess uzun illər tədqiqat aparmış və 600 səhifəlik kitab yazmışdır. Kitabın adı belədir: “Bumeranqın aerodinamikası”. Hess müəyyən edib ki, bumeranqın geri qayıda bilməsi üçün ona xüsusi forma vermək gərəkdir: alətin qanadları arasında bucağın, qanadların qalınlığının, uzunluq nisbətinin, onların alt və üst tərəflərinin nə dərəcədə yastı, ya qabarıq olmasının bumeranqın uçuş trayektoriyasına çox təsiri var. Amma bu da azdır. Hətta ideal formada hazırlanmış bumeranqı da düzgün atmağı bacarmaq lazımdır. Döyüş bumeranqlarından fərqli olaraq geri qayıdan bumeranqlar şaquli istiqamətdə atılmalı, onun başlanğıc sürəti saat da 10 kilometrdən, fırlanma sürəti isə saniyədə 10 dəfədən az ol mamalıdır.
Bəs bu yanlışlıqlar nədən yaranıb və nəyə görə insanların beynində bu qədər dərin kök salıb?
Görünür, ilk növbədə, ona görə ki “bumeranq” sözü avropalıların dilinə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avstraliya aborigenlərindən keçib. Araşdırmalar göstərir ki, bir sıra Avropa dillərində də vaxtilə bu alətin öz adı olub. Lakin avropalılar ox icad edildikdən sonra belə bir alətin mövcudluğunu tamam unutmuşlar. Anlayışla birlikdə söz də unudulmuşdur. Amma avstraliyalılar oxa keçmək əvəzinə uçan dəyənəklərini təkmilləşdirməkdə davam etmişlər.
Bu yanlışlıqların ömrünün uzadılmasında elmi və bədii əsərlərin də böyük rolu olub. Jül Vernin “Kapitan Qrantın uşaqları” romanı bütün dünyada uşaqların ən sevimli kitablarından biridir. Bu əsərdə Jül Vern bumeranqın bir bölük quşu yerə sərdikdən sonra atıldığı yerə qayıtdığını təsvir edir. Yuxarıda yazılanları oxuyandan sonra, yəqin, başa düşürsünüz ki, bu, mümkün olan iş deyil.
11.10.2024