Bu maraqlıdır!

Kompüter oyunlarının tarixi

Yəqin ki, müəllim və valideylərinizin qadağalarına baxmayaraq, imkan düşən kimi kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz. Bəs heç düşünmüsünüzmü, milyonlarla insanın zamanını oğurlayan kompüter oyunlarını kim ixtira edib? Elə isə kompüterdə növbəti oyunun “start” düyməsini basmazdan əvvəl sosial şəbəkələrdə axtarış verin: “Kompüter oyunlarını kim yaradıb?” Müxtəlif məlumat-sorğu bazalarından fərqli cavablar alacaqsınız, daha çox Stiv Rasselin və Ralf Bayerin adlarına rast gələcəksiniz. Bayer bütün dünyada “Videokompüter oyunları kralı” kimi tanınıb, amma nə o, nə də Rassel bu oyunların ilk ixtiraçısıdır.


Kompüter oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib, ardınca amerikalı mühəndis Klod Şennon bu oyun üçün proqram yazıb. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Şennon “Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması” məqaləsini dərc etməklə kifayətlənməli olub.


Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı. O, 1952-ci ildə uzun müddət üzərində çalışdığı “İnsan – kompüter interaktivliyi” mövzusunda doktorluq dissertasiyasını bitirdi. Dissertasiyaya əlavə olaraq o, əyani vəsait də hazırladı. Bu vəsait, faktik olaraq, kompüter üçün ilk elektron-qrafika oyunu idi. “OXO” adlanan oyunun çox sadə qaydaları vardı: doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə “X” və “O” hərfləri ilə doldururdu. Şaquli, üfüqi və ya diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Oyun müəllimlərin də, tələbələrin də çox xoşuna gəlmişdi. Onlar universitetdəki yeganə kompüterin önündə növbəyə düzülür, maşından ağıllı olduqlarını sübut etmək istəyirdilər. Bu oyunu yaradarkən Duqlas kommersiya məqsədi güdmürdü. Ona görə də ixtirasını patentləşdirmək onun heç ağlına da gəlmirdi.


Nəhayət, 1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı “Kosmik müharibə” oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub olurdu. “Kosmik müharibə” kommersiya tipli ilk kompüter oyunu oldu. Lakin müəlliflərinə gəlir gətirmədi. Oyunu yaradanlardan biri deyirdi: “Mənim “Kosmik müharibə”dən əldə etdiyim yeganə gəlir oyun sənayesi ilə bağlı məhkəmə proseslərində ekspert qismində iştirakıma görə aldığım qonorarlar oldu”. Kompüter oyunları insanlarda bunca maraq doğururdularsa, bəs niyə kommersiya uğuru gətirmir, zəif yayılırdılar? Çünki 1970-ci illərin ortalarınadək kompüterlər həddən artıq böyük və olduqca baha idi. Onu yalnız varlı təşkilatlar, elmi müəssisələr və fərdi qaydada milyonçular ala bilərdilər. Məsələn, Rasselin qrupunun ixtira etdiyi oyunun yazıldığı kompüter soyuducu boyda, qiyməti isə 120 min dollardan artıqdı.


Alman əsilli Amerika alimi Ralf Bayer belə bir vəziyyətdən çıxış yolu tapdı: o, kompüter oyunu yox, videooyunların yeni tipini və onları televizorun ekranına çıxarmaq imkanı verən kiçik, ucuz qurğu ixtira etdi. 1971-ci ildə o, “Magnavox Odyssey” qoşma cihazına patent aldı.


Beləliklə, ... kommersiya tipli ilk kompüter oyunu yaratmış qrupun rəhbəridir, ... isə, həqiqətən, “kompüter və video oyunları kralı”dır. Amma məhz ... tarixdə ilk kompüter oyunu yaratmış şəxsdir.
1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı. 1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. Sonrakı 30 ildə bu rəqəm 90 milyard dollara qədər yüksəldi.


Azərbaycanda kompüter oyunları çox geniş yayılsa da, uzun illər “yerli məhsul” olmayıb. Ölkəmizdə ilk kompüter oyunu 2012-ci ilin iyununda yaradılıb.


“İşğal altında” adlanan bu oyun Qarabağ müharibəsinə həsr edilib, Şuşa şəhərinin görüntüləri üzərində qurulub və gənclərin hərbi vətənpərvərlik ruhunu yüksəltməyə xidmət edir.