Odlar Yurdu

“Diri baba” türbəsi

“Diri baba” türbəsi Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsində qayaların içərisində abidə yerləşir. Bu abidəni əsas yoldan keçənlərin görməsi çətin məsələdir. Qədim abidənin cənuba baxan bir fasadı var, o biri tərəfləri isə qayanın içərisindədir. Abidə qayada oyulmuş mağarada 1402-ci ildə ağ əhəng daşından tikilib. Bu məlumat binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində əks olunub: hicri 805-ci il.


O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadratformalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir. Bəs türbə kimin şərəfinə tikilib? Bu barədə fərziyyələr, mülahizələr müxtəlifdir. AzərbaycanSovet Ensiklopediyasında verilmiş məlumat isə belədir: «Ehtimala görə, mağarada «Diri baba» türbəsinin memarı basdırılıb». Bu fərziyyə inandırıcı görünmür.

Deyilənə görə, abidəni Şirvanşah I Şeyx İbrahim tikdirib. "Diri Baba" türbəsi Orta əsr Şirvan-Abşeron memarlığına aiddir.

Abidənin günbəzli salonu Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Burada həkk edilmiş yazıya görə, bu türbə ustad Hacının oğlu tərəfindən tikilib. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.
Əsrlər boyu camaat arasında abidə ilə bağlı müxtəlif rəvayətlər olub, elə indi də var. Reallıq budur ki, türbə müqəddəs məkan sayılır və insanlar bu türbəyə tapınıb və tapınır


F.Deminski yazır: «Ərəbqədimlilər Qafqaza ilkin gəlişləri ilə əlaqədar belə söyləyirlər ki, Məhəmməd özünü peyğəmbər elan edən zaman onun əmisi Əbu Ləhəb, əmisi oğlanları Əbu Cəhl və Əbu Sufyan onu öldürmək qərarına gəldilər.Bunun ardınca Allah Qurana «Abtar» surəsini göndərdi. Əbu Ləhəbin oğlu Əmir müsəlmanlığı qəbul etmişdi. Onun Məhəmmədə yaxın hesab edilən Atam və Akam adlı iki oğlu var idi. Peyğəmbərin Məkkədən Mədinəyə qayıtmasından sonra Atam başçılıq etdiyi dəstə ilə Şirvana gəlmişdi. Atam burada ölüb, cəsədi isə Mərəzə kəndinin yaxınlığındakı «Diri baba» türbəsində uyuyur. Şirvanda, xüsusilə də, Şamaxı-Qobustan ərazisində ərəb mənşəli kəndlər çoxdur. Ərəbqədim də belə kəndlərdən biridir və kəndin bir qolu indinin özündə də İbn Əmirlər adlanır. Tarixi mənbələr, görkəmli alimlərin apardıqları tədqiqatlar ərəbqədimlilərin Atam ibn Əmir ilə bağlılığını rəvayət yox, həqiqət olduğunu söyləməyə əsas verir. Bütünbunlara əsasən belə bir qənaət yaranır ki, Atam ibn Əmir yaxın qohumu Məhəmməd peyğəmbərin yolunu tutmuş, peyğəmbərin şəcərəsinə mənsub adamlar tərəfindən əsası qoyulan və geniş yayılan sufiliyin Xəlvətiyyə təriqətininnümayəndələrindən olub. O da Xəlvətiyyə adəti ilə öz qohumu Məhəmməd peyğəmbər kimi yaşadığı ərazinin yaxınlığındakı mağaraya çiləyə çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə, onu qəlbən Allahla tək qaldığı məkandan ayırmamış,oradaca dəfn etmişlər. Bundan sonra bura ziyarətgaha çevrilib.


Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. Məlum həqiqət isə budur ki, «Diri baba» müqəddəs bir məkandır və bütün Şirvan eli əsrlər uzunu bu ocağa tapınıb. «Diri baba» bu gün də əzəmətlidir. Ətrafında əsaslı abadlaşdırma işləri aparılıb, yolu qaydaya salınıb, ciddi şəkildə mühafizə olunur. «Diri baba» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.