Şeirlər

Elbəyi Cəfərli. Yeni il

Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.


Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.


Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.


Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.


Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.