Nəbirə Qiymətdinova. Son qarşılaşma
Bu günlərdə o, çox qəribə davranırdı. Bir əlini ağrıyan belinə qoyub, digər əli ilə nərdivanın tutacağından yapışıb köhnəlmiş tüfəngini tavan arasından götürdü. Sonra onu yağladı, su içmək üçün qapının qabağına qonmuş sərçələrə tuşladı və gün boyu eləcə oturdu. Ov etmək üçün artıq çox gec idi. Qocalmışdı, gözləri də yaxşı görmürdü, barmaqlarını belə hiss etmirdi. Göl boyu üzərkən başları qamışlar arasında oynayan məhzun və gözəl gözlü çöl ördəklərinin səsini eşidirdi: bu gün-sabah isti ölkəyə köçmək üçün bir yerə yığışırdılar.
Çöl ördəklərini indi Kəl Ənvər vururdu. O, gənc, güclü kişi idi. Uzun müddətdir Sabirin at oynatdığı ov ərazilərini sezdirmədən ələ keçirmişdi. Eh, keçirirsə, ömür budur. Sabir buna yanmırdı, onun içini didib-dağdan gizli bir sirri vardı. İllərdir axtardığı “canavar”ı öldürə bilməmişdi. Yayda da, payızda da elə hey axtarmış, qışda qarı yarıb meşə boyu irəliləmiş, ancaq yenə öldürə bilməmişdi. “Canavar” sağ-salamat həyatda idi.
Onu ömrü boyu iki qayğı – dərd üzmüşdü. Birincisi, bu axtardığı “canavar”, ikincisi, suda boğulan oğlu. Enliyarpaqlı ağac yarpağı kimi geniş ovucuna alaraq sevdiyi ilk uşağı… ilk balası… Ondan sonra da oğlanları dünyaya gəldi, amma nə hikmətsə, onlar daha az xoşbəxtlik gətirdi. İkincinin yerini tutan olmadı, o yer əbədi boş qaldı. Canavarlar da gün verib işıq vermirdilər: saysız-hesabsız tələ qurmuşdu qoca Sabir, ancaq bircə canavarı da ovlaya bilməmişdi.
Əslində, onların heç biri Sabirin vecinə deyildi, onun əsl ov düşməni “canavar it” ləqəbli köpək idi. Bu düşmənçilik Sabirin qanına işləmişdi. Belə olmasa, o, bu gün tüfəngini təmizləyib atlarca gözləyərdimi? “Unuduldu, bitdi” düşünürdü ki, üçüncü gün Əhtəm təngnəfəs gəlib danışdı:
– Canavar gördüm, ay dostlar. Meşənin kənarında yatıb dincəlir. Görən kimi necə qorxdumsa, qarnımdan sancı tutanadək qaçdım.
Qoca Sabir üç qutu şəkər almaq üçün dükanə gəlmişdi. Əhtəmin sözlərini eşidincə duruxdu, tez onun yanına gəlib soruşdu:
– Boş-boş danışmırsan, yəqin ki… Yoxsa ağciyərlik edirsən?
– Ağciyər olum, əgər aldadıramsa! Gözlərim nur saçan günəşi görməsin!
– Qulağında kiçik bir ağ damğa var idi?
– Var idi, var idi, Sabir qardaş.
– Həə… Deməli, belə… Yaxşı, bəs quyruğu alaca idi? – Qoca Sabir suallar verərək ürəyində ümid edirdi ki, indi bu “dil pəhləvanı”nın yalanını tapıb şübhələrini dağıdar.
– Quyruq… quyruq… – deyə təkrar etdi Əhtəm. – Quyruğu sarı idi, yoxsa ala? Dayan görüm…
Qoca ovçunun ürəyinə od düşdü. Məsələ quyruğunun rəngində deyildi. Canavar itin quyruğu qopmuşdu.
Əhtəm:
– Hə, hə, yadıma düşdü, canavar quyruqsuz idi, – deyə qışqırdı və bu sözləri ilə qoca Sabirin yarasını deşdi.
Qoca ovçu artıq sual vermək ehtiyacı hiss etməyib öz-özünə dedi: “Özüdür ki var… Nə qədər qurdalasaq da, odur! Artıq sözə ehtiyac yoxdur!”
– Ay Sabir qardaş, gözləri elə yanırdı ki, kafir sanki hücuma hazırlaşır. Tanıyıb-tanımadığı kimsəyə baxmaz, hamıya cumar.
Qoca Sabir zarafat edəsi yaşda deyildi, indi onun daxili dünyasında lətifə və zarafatdan ağır ikinci bir şey yox idi. Amma o, daha çox Əhtəmin meymunlaşmasından xoşhal olub dizlərinə vura-vura gülənlərə əsəbiləşdi.
“Xəmirdən yoğrulan fərsizlər, siz nəinki tüfəngi, heç onun lüləsini belə tuta bilməzsiniz”, – deyə için-için düşündü və şəkər almağı unudub evinə qayıtmağa tələsdi.
Payız bağçadakı ağaclara sarı boyasını damcıladırdı, yayın ömrünə lap az qalmışdı, çöllər isə artıq çılpaqlaşırdı. Köçəri quşlar qatar-qatar düzülüb səmaya yol alırdılar. Bir kilometr uzaqdakı meşə isə dəyişməmişdi, yamyaşıl idi. Ya gözləri qoca Sabiri aldadırdı, ya da meşə yay görüntüsünü qorumaqda israrlı idi. Qoca, nəhayət, qərar verdi… Ona bircə güllə bəs edəcəkdi. Hərçənd tüfəngi iki güllə ilə doldursa, daha yaxşı olardı, amma ovçu Ənvərdən istəməyi özünə yaraşdırmadı.
– Hara gedirsən, Allahın biçarə qulu? – deyə arvadı Səkinə evdən çölə atıldı. Qocanın tüfəngini təmizlədiyini görmüşdü, əgər ova gedirsə, qarşısını kəsməkdə qərarlı idi.
– O, sağdır, – qoca meşəyə işarə etdi.
– Kim sağdır, ay kişi?
– Alaqulağı deyirəm, sağdır, vuracağam onu!
– Kimi deyirsən? Sən Allah, gəl otur yerində!
Çox zaman keçib, yurda bəla daşıyan Alaqulaq, əlbəttə ki, Səkinə arvadın yadından çıxıb.
– Əşi, qayıdanda deyərəm, çay içərkən… – deyə qoca öz-özünə söyləndi. Sonra sanki arvadı azarlayırmış kimi yüksəldən söylədi. – Ay arvad, sən Allah, get o yana. İşim var. Çölə çıxıram, ürəyim darıxır.
– Çöldə kimi vuracaqsan, ay Allahın yazıq bəndəsi? Ver mənə tüfəngini, sonra hara gedirsən, get! Məgər o sənin üçün əsəddir, nədir?
– Ənvər istəyib, – dedi, qarını aldatmaqdan başqa çarəsi qalmamışdı, – yolüstü ona verəcəyəm.
Arvadını rahat şəkildə başından edən Sabir kişi sevindi, qaçaraq meşəyə getdi. Əlbəttə, ağaclığın içindəki gerçəkliyi araşdırmalı idi. Baxmayaraq ki, bu yerlərə bələd idi, ancaq indi o zamanlar deyildi. Qocalmışdı. Canavar itlə həsr etdiyi ömrün qarşısına alıb irəliləyə bilmirdi. Əslində, canavarlığın da sonu idi. Görəsən, “uşaqlar qayıdanda kəsərik” deyə böyütdüyü keçəlini aparacaqdı, yoxsa bu dəfə Sabirin özünün axırı idi?
Qoca Sabir düz yerdə büdrədi. Ölümə doğru getmirdimi? Ağrımayan başına dərd açmırdımı? Əvvəllər ürəyini dağa döndərən güc-qüdrət indi zəifləmişdi. Çiynindən asdığı tüfəngi isə yüngül əsə kimi hiss edirdi.
Meşə onu dibi görünməyən dərya kimi özünə çəkirdi… Ancaq bu gün qoca Sabir onun inanılmaz sehrinə boyun əyə bilməzdi. Ürəyində sönən odu yenidən alovlandırmaq istəyirdi. Dayan, o sevdiyi ağacın dibində dincəlsin, sən isə onun sirrinə agah ol. Dərman tapsın və qocalığını unutsun…
Qocalıqdan pis şey yoxdur. Həm onu ayaq üstə saxlayır, həm də onu dayandırır. Eh, heyif o vaxtlardan, bir güllə ilə üç dovşan vurduğu zamanlar vardı… O Alaqulaqlı günlər harada qaldı, görəsən? Alaqulaq… Dünyadakı ən yaxşı ov iti… Çağırmağını ya da səslənməyini gözləməz, baxışından başa düşərdi Sabir kişini. Sahibi ilə şöhrəti bütün kəndə, hətta qonşu rayonlara da yayılmışdı. Sabir deyəndə Alaqulağın, Alaqulaq deyəndə Sabirin adı çəkilirdi. Sanki bu cütlük ov üçün yaradılmış, meşə üçün doğulmuşdu.
Ancaq səhv etdi ovçu Sabir… Təriflər başını dumanlandırdı, şöhrət gözünü tutdu, fani dünyanın zəif, həssas məqamlarını unutdu. Ancaq Alaqulaq ağıllı it idi. O çöllərdə qaçıb dovşan axtardığı günlərdən, canavar səsi eşitdiyi andan bir vəzifəsi olduğunu bilirdi. O, nəslini davam etdirməli idi… Bundan kimin nə ziyanı var? İndi isə artıq vaxt idi. Daha burada – sahibinin həyatında da dayanmaq olmazdı, özü də ki onun bu qərarına nə sahibinin, nə də sahibəsinin qarışmaq haqqı var idi. Çünki bu, Alaqulağın şəxsi seçimi idi.
Ov günləri başlayanda it yiyəsinin evindən qaçdı. Sabir əvvəlcə çox təəccübləndi, gecə-gündüz qayıdacağını gözlədi. Günlər keçirdi, ancaq it qayıtmırdı. Sabir isə artıq acıqdan partlayacaqdı.
Qəzəb noxud kimidir, şişir, şişir, axırda partlayıb sakitləşir. Bəs bu zaman zərbə kimə dəyir? Arvadına, yoxsa Alaqulağa?
İnsanların qəzəbinin nələrə səbəb olduğunu yazıq it haradan bilsin? Odur ki bir qədər sonra Alaqulaq yeni doğulmuş küçüyünü götürüb geri qayıdır. Onu sahibinin qabağına itələyir, sanki demək istəyir ki: “Bu bizim sahibimizdir, tanış ol”. Sabir isə günlərdir cin atına minmişdi. Qəzəbini boğa bilməyib əlindəki baltanı itlərin üstünə tullayır:
– Allah bəlanızı versin! Alın, bu da sizin cəzanız, çəkin!
Alaqulaq heç bir cəzaya razı olmazdı, pəncələrini, qulağını canavar parçalayıb “öl” desələr, ölərdi… Amma… amma bu cür ağır cəzanı düşməninə belə arzulamazdı.
Balta Alaqulağın üzünü sıyırıb balasına dəydi, kiçik yerə sərələnib qaldı. Haradan gəldi o dəmir? Köpəyin gözləri sahibinin əlində parlayan dəmir parçasını həyətə girəndə görmüşdü. Ancaq əşyalar cansızdır axı: göydə uçmaz, ayaq açıb yeriməz. Deməli, sahib?.. İt bağrına dağ basılmış kimi hürməyə başladı. Bəli, bəli, ağzını havaya tutub hürdü, hürdü… Hərəkətsiz balasını qoxuladı və kədərindən fəryadla uladı…
Qapının qarşısındakı səs-küyə arvad qaçıb gəldi. Pilləkənləri düşər-düşməz gördüyü mənzərə qarşısında donub qaldı. Acı yaşlarla dolu gözlərini ərinə çevirib dedi:
– Sən nə etdin? Alaqulağın balasını öldürdün! Axı sən neylədin?!
– Yaqub əmin iti 100 manatlıq dəri verir, bizimki də vaxtlı-vaxtsız küçükləyir, – deyə söyləndi Sabir.
– Səni elə kürkün içində batıb qalasan! – Səkinə arvad özünü saxlaya bilməyib vulkan kimi qəzəb püskürdü. – Onsuz da heyvan bütün ömrünü sənin xidmətində keçirərək qocaldı. Sən isə onun ilkini, bircəcikini öldürdün! İlkinı öldürdün. Sabir kişi, deyirəm sənə, itlər kinli olur. Bir onun üzünə bax! Bundan sonra özünü gözlə!
Alaqulaq, həqiqətən də, çox kinli idi. Həmin an o, ovçunu bütün yırtıcılardan daha təhlükəli heyvan bildi. Sahibinə duyduğu sevginin yerini intiqam hissi tutdu.
Köpək evdən qaçıb meşədə yaşadığı altıncı ayda Sabir axsıdığına görə ovlamaq üçün otlaqda güddüyü siğiri vura bilmədi. Sabirin ayağındakı yara Alaqulağın dişlərinin yeri idi. Ovçu: “Hesablaşdıq”, – deyib rahatlaşdı. Ancaq səhv edirdi… Çox keçmədi ki, ağılındakı üç qoyunu boğdu. “Yaxşı, – dedi Sabir, – buna da dişini vurdu, rahatlaşdı”. Amma danası da köpəyin ağzında öləndən sonra sahibin səbir kasası daşdı. Alaqulağın ona verdiyi ziyanlar ürəyini dağlayırdı. Sabir buzov boyda nəhəng bir çoban iti alıb geri qayıtdı, heç hara bağlamadan qapının ağzında gözətçi qoydu. Bu it isə qapının ağzında yatmağı çox sevirdi. Bir dəfə günün günorta çağı Alaqulaq xısın-xısın gəlib onu parçaladı. Artıq it tamamilə canavara çevrilmişdi. Bu vəhşi heyvanı vurmaq isə zərurət idi.
– Əvvəl vurub yaralayaram, sonra da ağacdan asaram, – deyə Sabir qərar verdi.
Canavar it isə izini məharətlə gizləyir, bəzən də meşədə Sabirin həmlələri ilə o qədər təəccübləndirirdi ki, ovçu nə edəcəyini bilmirdi. Mübarizə aylarla, illərlə davam etdi. Alaqulaq varlığını hiss etdirərək yaşayırdı. Doğrusu, bu hal Sabirə sərf edirdi, çünki heyvanları başqa yırtıcılardan qorunurdu.
Qış bitdi, yaz gəldi, ovçu xətasız-bəlasız bir il keçirdi, fəqət Sabirin ovda işləri heç yerində getmirdi, nə qurd, nə tülkü vura bilirdi. Əlbəttə, elə olacaqdı: indi meşənin sahibi ağıllı, işini bilən idi, o, Sabirə bir dovşan budu da verən deyildi.
Bəlkə də, Əhtəmin sözlərini eşitməsə, Sabir canavar itlə hesablaşdığını qəbul edərək ömrünün sonunacan sakit yaşayacaq və qocalmış sümüklərini sızıldadaraq meşənin yolunu tutmazdı. Hər nə qədər inkar etsə də, qocalıq ağrısı bütün bədəninə yayılmışdı. Birdən gizləndiyi yerdən üstünə tullansa, nə güllə ataraq, nə də qaçaraq xilas ola bilərdi.
Qəfildən qoca Sabiri diksindirən bir hadisə baş verdi: bir bayquş ağacların budaqlarına dəyə-dəyə uçdu, titrəyən ağacların budaqlarının birindən palıd qozası düşdü.
– İndi bu lənətə gəlmiş quşu vurub məktəb uşaqlarına apararam, – deyə tüfəngini qaldırdı, ancaq dərhal da endirdi.
Təkcə bir saçması vardı. Axı o bütün rahatlığını pozan köpəkdən həmişəlik qurtulmağa gəlmişdi. Səbirsizlik etməməli, təmkinli davranmalı idi.
Bayquş qanadlarını çırpdıqca yarpaqlar yerə düşürdü. Olmaya, tülkü, tazı sezmişdi? Qoca boynunu qabağa uzadıb ətrafına baxdı. “Vara, yoxa həyəcanlanma, qardaşım, meşə sakitdir”, – demək istədi, ancaq yalnız dodaqları “va…” deyə açıldı və eləcə də qaldı. Alaqulaq dörd-beş addım aralıda oturub gözlərini qoca Sabirə dikmişdi. Qoca adət etdiyindən havaya atəş açdı, güllə boşa getmədi, ölüm bayquşu haqladı. Zavallı quş qanadlarını yığıb top kimi onun ayağının ucuna düşdü. İt isə bu cür mükəmməl tamaşaya məhəl qoymadı, heç yerindən tərpənmədi də, qoca Sabiri əsəbiləşdirmiş kimi ağzından əlcəyə bənzər dilini çıxardı, dodağının kənarlarını yalamağa başladı.
Qoca Sabir palıda yaxınlaşaraq:
– Artıq bircə gülləm belə yoxdur, – dedi. – Yeganə ümidim qollarıma qalıb. Gəl, ey şeytan toxumu! Atıl üstümə! Nə vaxtdır bu döyüşü gözləmirdinmi? Gəl, dayanma!
Köpək ayaqlarını uzadıb yatdı və yorğun gözlərini Sabirə çevirdi. O gözlərdə hiylə deyil, kədər vardı…
– Yaxşısanmı, Alaqulaq? – dedi qoca ovçu, qəlbindəki qəzəb sönmüşdü. – Qocalmışam… Məni hələ də bağışlamamısan? İlk oğlum Qalımcanım suda boğulanda mənim də bağrım qanla doldu. Onda səni anladım, Alaqulaq. Gəl barışaq, iki yaralı könlü birləşdirib təsəlli tapaq… Yox… Axı sən elə hey intiqam istədin, intiqam… Evdə, ağılda mal-qara qoymadın, gəlib öldürdün. Çox axtardım səni, vura bilmədim.
Qəfildən canavar it qulaqlarını şəklədi, dilini ağzına çəkdi. Kimsə budaqları, otları xışıldada-xışıldada onlara tərəf gəlirdi.
– Qoca! Yenə nəyi vurdun? – deyə bir səs eşitdi Sabir. Səsin sahibi itə baxaraq danışırdı. – Aaa, Sabir qardaş imiş…
– Bəli, – dedi qoca Sabir, meşəbəyini tanıdı. – Sən Zinətin oğlusan? Şərbən kəndindən… Atan çox yaxşı insan idi, ancaq ovçuları heç sevməzdi.
Meşəbəyi vurulmuş bayquşa baxaraq:
– Məndə də atamın xasiyyəti var, – dedi. – İmkanım olsa, sərçənin belə vurulmasına icazə vermərəm. Sabir qardaş, bu quş üçün it nədənsə özünü yormayıb, hərçənd o da tüfəngliləri sevmir. Ağıllı it, bir az daha ayıq ol…
Meşəbəyi qoca Sabiri qəsdən etmədiyi səhvə görə xəbərdar etdi.
– Sənin itindir? – deyə Sabir soruşdu. Meşəyə gəlişinin səbəbini də gizlətdi, söyləmədi.
– Yox, amma yaxşı itdir. Mənimlə birgə meşəyə göz-qulaq olur. Evə alışdırmağa çalışsam da, nədənsə öyrəşmədi. Yaman ürkəkdir, elədir, dostum? – Meşəbəyi itin başını sığalladı. – Artıq vaxtdır, geri qayıdaq. Salamat qal, Sabir qardaş.
– Sağ ol, salamat qal.
Sonra ürəyində dedi: “Sən də sağ ol, Alaqulaq… Yad adamın nəvazişini, mehribanlığını qəbul etmirsən. Meşəbəyinin həndəvərində dolaşıb günlərini keçirirsən. Sən mənim qanlılığım ucbatından canavar dərisi geyindin… Salamat qal, Alaqulaq, salamat qal!”
O, tüfəngini götürüb tozlu yola çıxdı. Olub-keçənləri arvadına danışsa, inanmayacaqdı. “Sən lap ağlını itirmisən. Dağda, sənə tünd çay gətirim, beynindəki çör-çöpü təmizləsin”, – deyəcəkdi.
Ağaclığın yanına gələndə qəfildən arxadan bir səs eşitdi. Qoca dönüb baxmadı, Alaqulaq onun qarşısını kəsdi, ağzında da bayaq vurduğu bayquşu tutmuşdu.
– Alaqulaq! Alaqulaq, sənsən? – deyə təəccübləndi ovçu Sabir. İkinci dəfə qarşılaşmağa gücü yox idi qocanın… Ürəyi tamam yumşaldı, gözləri yaşla doldu. Olmaya, köpək onunla qayıtmaq istəyirdi. – Qayıdırsanmı yurduna? Darıxmısanmı bizim üçün? Gəl, gəl, dostum… Səkinə arvad da sevinər, çox sevinər…
Alaqulaq hər şeyi başa düşürdü. Köpəyin gözləri önündə gözəl ov günləri canlandı. Necə də xoşbəxt idilər… Sahibinin onu oxşayan əlləri… Xanımının dadlı-ləzzətli yeməkləri… Və… və o balta… Yox, yox!!! Bu adam onun heç kimi deyil. O, yaddan da yaddır! Qoy çıxıb getsin! Həmişəlik!..
Meşəbəyi qaçıb gəlməsəydi, bayquşu da götürüb geri qayıdacaqdı. Ancaq… Köpək quşu qoca Sabirin ayaqları altına atdı və arxasına belə baxmadan meşənin dərinliklərində gözdən itdi.
09.10.2026