Nağıllar, hekayələr

Tacik nağılı. Atıcı və onun dostları

Keçmiş zamanlarda bir ovçu varmış, mahir atıcı imiş. Heç vaxt ovdan əliboş, şikarsız qayıtmazmış.

 

Günlərin birində ovçu ovdan qayıdarkən yoxsul bir kəndli ilə rastlaşır. Kəndli deyir:

 

– Ovçu, yaxşı şikarla qayıdırsan! Bol ov etmisən. Yəqin ki, bunlara bir xeyli pul verəcəklər.

 

Ovçu yoxsul kəndlini başdan-ayağa gözdən keçirib deyir:

 

– Burda ən qiymətli gözün itiliyidir, bir də əlin çevikliyidir. Bilmirəm, heç bu şikara başqaları nə qədər pul verərlər, ancaq bunu sənə böyük məmnuniyyətlə satıram. Bu şikara nə qədər pul verə bilirsənsə, o qədər ver, götür.

 

Kəndli ona belə cavab verir:

 

– Eh, sağ ol, atıcı. Quş almaq mənim harama yaraşır? Vergilər lap canımı üzüb. Evim bomboşdur. Həyətimdə heç nə yoxdur, vur-tut bircə atım qalıb. Yeməyimiz də bir ovuc unla sudur, vəssalam. Heç bilmirəm, bu məhsul yığımınacan dolana biləcəyikmi?

 

Atıcı dedi:

 

– Eybi yoxdur, şikarımı pulsuz-parasız götür. Mənə pul gərək deyil. Nuşcan!

 

Kəndli quşu ondan alıb dedi:

 

– Sağ ol, dost, mən sənin bu xeyirxahlığını yaddan çıxarmaram. Bu andan məni özünə dost hesab elə. İşdir, nə vaxt evimin qabağından keçib-getməli olsan, mütləq evə girərsən, həmişə mənim ən əziz qonağımsan.

 

– Yaxşı! – Atıcı dedi və çıxıb getdi evinə.

 

Bir neçə gündən sonra atıcı yenə ova getdi. Xeyli və hər cür quş ovlayıb evinə qayıdırdı. Şəhərin girəcəyində gördü ki, hasarın yanında qocalıb əldən düşmüş bir kişi uzanıb.

 

Atıcı soruşdu:

 

– Xoş gördük, ata! Nə olub sənə?

 

– Halım pisdir, oğlum, qocalıb heydən düşmüşəm, özüm də xəstəyəm. Ömrüm boyu padşahın sarayında xidmət eləmişəm. Nə veriblərsə, onu yemişəm. İndi daha gücüm tükənib, işləyə bilmirəm. Heç kəs qayğıma qalmır, yeməyə də bir şeyim yoxdur.

 

Atıcı dedi:

 

– Götür mənim şikarımı, ata!

 

– Yox, – dedi qoca, – nə olur-olsun, götürmərəm. Axı bu çox bahadır.

 

– Baha olan gözün itiliyidir, bir də əlin çevikliyidir. Ancaq şikarı mən asan ələ keçirmişəm. Götür onu, bir həftə sənə bəs eləyər, – atıcı bunu deyib şikarın hamısını qocanın qabağına qoydu. – Doyunca ye, cana gəl, salamat qal.

 

Qoca atıcının xeyirxahlığından mütəəssirlənərək ağladı, dedi:

 

– Nə qədər ki sağam, məni özünə dost bil. Nə vaxt yadımdan ötüb-keçmiş olsan, evimə gələrsən, mən səni doğma balam kimi qəbul edərəm.

 

Atıcı:

 

– Sağ ol, – deyib evlərinə yollandı.

 

Bir neçə gündən sonra atıcı yenə ova getdi və çoxlu qənimət əldə elədi. Qayıdan baş yolda taybatay açılmış bir alaçıq gördü. Bir nəfər varlı evinin yanında xalça üstə oturub çay içirdi. Küçədə – darvazanın qabağında isə dövrəyə alınmış quru yerdə bir nəfər yoxsul oturmuşdu.

 

Atıcı kasıbdan soruşdu:

 

– Dairənin içində niyə oturmusan? Qəbahətin nədir?

 

Yoxsul cavab verdi ki:

 

– Varlıdan borc almışam, borcumu qaytarmağa bir şeyim yoxdur. Ona görə də məni dairənin içində oturdub əmr verib ki, axşamacan yerimdən tərpənməyim. Bu müddətdə biri məni almasa, sabahdan etibarən varlının qulu olacağam. Məni kim alacaq ki? Qohum-əqrəbamda elə bir varlı adam yoxdur. Heç nə eləmək olmaz, görünür, qəbaləyə getməli olacağam.

 

Atıcı ucadan dedi:

 

– Buna yol vermərəm! Budur, götür vurduğum şikarı, apar, ver varlıya, o səni buraxar.

 

Yoxsul şübhəli-şübhəli atıcıya baxdı, ovçu isə bir xeyli vurduğu şikarı artıq çiynindən götürüb bir-bir yoxsulun qabağına düzürdü.

 

Kasıb dedi:

 

– Sağ ol, dost! Məni xilas elədin. Qoy indi mən sənə borclu olum. Odur, bax, mənim evim, o da həyətimin qapısı. Nə vaxt ürəyin istəsə, gəl, bizdə gecələ. Əgər qapımdan keçib-getmiş olsan, inciyərəm. Bu gündən məni özünə dost, qardaş bil.

 

– Yaxşı, bir dəfə gələrəm, – atıcı bunu deyib getdi evinə.

 

Tezliklə yenə atıcı ova getdi. Bu dəfə ovçu meşədə çox gəzib-dolandı, ancaq bəxti gətirmirdi, heç nə vura bilmirdi. Qanı qaraldı, qərara gəldi ki, qayıtsın evlərinə.

 

Birdən meşədə padşahın ovçularını gördü. Padşah izlənmiş heyvanı qovurdu, həm də atırdı, ancaq heç cür hədəfə vura bilmirdi. Padşahın xidmətçiləri heyvanı üzük qaşı kimi dövrəyə almışdılar.

 

Atıcı da padşahın şikarını güdərək ovçuların cərgəsində dayandı.

 

Qovulub əldən salınmış heyvan ovçuların dairəsində vurnuxdu, padşah heyvana ox atdı, amma ox dəymirdi, özünün uğursuzluğuna yaman qəzəblənmişdi. Birdən heyvan atıcı tərəfə atıldı, bir anda yanından sivrişib cəld dağa götürüldü.

 

Padşah qaçan heyvana ox atdı, yenə oxu yayındı. Bu vaxt atıcı öz yayının tətiyini çəkib oxu atdı – heyvan kəsilmiş ağac kimi yerə sərələndi.

 

Qəzəblənmiş padşah əmr verdi ki, atıcı padşahın ovunun dalınca cəsarət edib düşdüyü və şəxsən padşahın özü üçün ayrılan şikarı vurduğu üçün edam olunsun.

 

Əl-qolu bağlanmış atıcını şəhərə gətirdilər və dar ağacına apardılar.

 

Atıcı padşaha ucadan dedi:

 

– Hökmdar, iki saat səndən möhlət istəyirəm! İcazə ver, gedim dostumla vidalaşım.

 

Padşah məəttəl qaldı. Bu necə adamdır ki, ölümqabağı hansısa dostunu yada salıb. Padşah edamı ləngitdi və keşikçilərə tapşırdı ki, atıcını müşayiət eləsinlər:

 

– Qoy getsin dostunun yanına, ancaq baxın ki, qaçıb-eləməsin. Düz iki saatdan sonra o, dar ağacından asılmalıdır.

 

Keşikçilər atıcını dostunun yanına apardılar. Padşah sarayın darvazası yanındakı qarovulxanaya girdi, libasını çıxarıb kəndli paltarı geydi və atıcının dalınca getdi. O görmək istəyirdi ki, atıcının bu dostu necə adamdır və o, dostunun bəd günündə onu necə qəbul eləyəcək.

 

Atıcı birinci dostunun evinin qabağına gəlib darvazanı döydü.

 

Kəndli qapıya çıxdı, atıcını görən kimi çox sevindi, qarşısında təzim eləyib evə dəvət elədi. Atıcı dedi:

 

– Eh, dost, görmürsənmi ki, mən dustağam? Başıma müsibət gəlib.

 

Atıcı uğursuz ov haqqında olan əhvalatı dostuna danışdı, padşahla görüşməsi barədə, ömrünə vur-tut ikicə saat qalması barədə hər şeyi danışdı.

 

Bu vaxt kəndli dedi:

 

– Dayan, qəm yemə, dost. Bu saat atımı aparıb verərəm padşaha, ondan xahiş edərəm ki, səni azad eləsin.

 

Padşah nə hadisə baş verdiyini bilmək istəyən adamların böyründə dayanmışdı, hər şeyi eşidirdi.

 

Padşah fikirləşdi: “Qəribə adamdır! Doğrudanmı, var-yox bircə atını əldən verməyə heyifsilənmir?”

 

Atıcının dostu cəld atını götürüb atıcının yanına düşüb getdi.

 

Atıcı bərkdən dedi:

 

– Dayanın, bax, o ev mənim ikinci dostumun evidir. Mən gərək ora gedib dostumla vidalaşam, axı bir də onunla görüşməli olmayacağam.

 

Atıcı qapını döyüb dostunu çağırdı. Qapının səsinə qoca çıxdı. O, atıcını görən kimi sevinərək atıldı üstünə, qucaqlayıb bərk-bərk köksünə sıxdı, başladı səhhəti barədə hal-əhval tutmağa.

 

Atıcı ona gözlədiyini açıb dostuna söylədi.

 

Qoca ucadan dedi:

 

– Yox, mən bu müsibətə yol vermərəm. Padşahın ayaqlarına yıxılıb yalvar-yaxar edəcəyəm ki, səni bağışlasın. Ömrüm boyu padşaha xidmət eləmişəm, ola bilməz ki, o mənim xahişimi yerinə yetirməsin. Yox, əgər ona kiminsə başı lazımdırsa, onda qoy yaxşısı budur, mənim ağarmış başımı vurdursun!

 

Padşah adamların arasında dayanmışdı və hamısını eşidirdi. Fikirləşdi ki: “Belə bir şey ola bilməz. Heç kəs başqasına görə canından keçməz”.

 

Atıcı iki dostu və keşikçilərlə birlikdə padşahın sarayına yollandılar.

 

Küçədən keçərkən atıcı üçüncü dostunun qapısını gördü:

 

– Dayanın, mənim hələ vaxtım var! – atıcı dedi. – Mən gərək üçüncü dostumla da vidalaşam. Əgər mən onun evinin yanından ötüb-keçsəm, içəri girməsəm, məndən küsər.

 

Keşikçilər onu üçüncü dostunun yanına buraxmaq istəmədilər. Qorxurdular ki, saraya gecikərlər, padşah əmr edər ki, atıcı ilə birlikdə onları da dar ağacından assınlar.

 

Atıcı dedi:

 

– Eh, sizi. Ölməyə heç vaxt gecikməzsiniz.

 

Səs-küyə evin sahibi qapıya çıxdı. Atıcını görcək sevinərək atıldı üstünə, bərk-bərk qucaqlayıb dedi:

 

– Yaman sevindirdin məni, dost! Əzizim, gəl içəri! Sən bu gün şikarsızsan, ancaq mən səni qonaq eləyə bilərəm.

 

– Eh, dostum, mən özüm şikar olmuşam.

 

Atıcı başına gələn əhvalatı dostuna danışdı.

 

– Bu ola bilməz! – yoxsul ucadan dedi. – Sənin ölməməyin üçün mən hər şeyi etməyə hazıram. Əgər padşah doğrudan da səni asdırmaq istəsə, mən onun üzərinə atılıb öz xəncərimlə qarnını cıraram.

 

Bu sözü eşidən padşah heyrət etdi, fikirləşdi ki: “Mənim qulum dəli-zad olmayıb, görəsən? Hər hansı bir ovçuya görə adam da öz padşahına əl qaldıra bilər?”

 

Padşah qəzəbli halda adamların arasından çıxdı, gizlincə qayıdıb gəldi saraya, öz taxt-tac libasını geyinib atıcı ilə onun dostlarını gözlədi.

 

Onlar gəlib çıxandan sonra padşah əmr verdi ki, edam başlasın. Cəllad ilməyi atıcının boğazına keçirdi. Bu vaxt kəndli qabağa çıxıb öz atını padşaha tərəf apardı.

 

Atıcının birinci dostu ucadan dedi:

 

– Ey qibləgahım, mənim aman-zaman, yeganə atımı götürün, əziz dostumun günahından keçin, rəhm edin ona.

 

Padşah dinmədi. Bu vaxt o biri qoca padşahın ayaqlarına yıxılıb qışqırdı:

 

– Ey mənim hökmdarım, ömrüm boyu sizə sədaqətlə xidmət eləmişəm, mənim xahişimi yerinə yetirin, nə olar: bu xeyirxah adama rəhm elə. Yaxşısı budur, onun əvəzinə əmr edin, məni dar ağacından assınlar.

 

Padşah dinmirdi, təəccüblə gah atıcıya, gah da onun dostlarına baxırdı.

 

Bu vaxt atıcının üçüncü dostu bir kəlmə belə danışmadan xəncərini çıxarıb cumdu padşahın üstünə.

 

Padşah qorxdu, əlini yelləyib saraya qaçdı. Hamı fikirləşdi ki, padşah, yəqin, əmr etdi, günahkarı azad eləsinlər.

 

Dərhal ilməyi atıcının boğazından çıxardılar. Dostları onu qucaqlayıb bağırlarına basdılar. Adamların hamısı sevinirdi, deyirdilər ki, etibarlı dost padşahın qəzəbindən daha güclüdür.

 

Padşah isə sarayındakı ən axırıncı otaqlardan birinə çəkilib qapını bağladı. Qorxudan tir-tir əsirdi: axı onun dərdinə yanan bircə nəfər də olsun dostu yox idi…