Şeirlər

Mirmehdi Seyidzadə. "Yoldaşlıq köməyi"

Hər zaman şən, bəxtiyar, 
Gülərüzlü Ənvərin 
Gözlərində bir dərin 
Kədər duydu uşaqlar. 
Sual verib yer-yerdən, 
Soruşdular Ənvərdən: 
- Nə var? 
- Sənə nə olub? 
- Nədəndir rəngin solub? 
- Anam xəstədir bir az. 
- Qorxma, heç bir şey olmaz.

 
- Qorxmuram,  mənim 
Vaxtım yox dərs öyrənim. 
- Qorxma, anan sağalar, 
Dərsinçün də vaxt qalar. 
Ev işlərini burax, 
Gecə yatma, dərsə bax, - 
Təsəlli verib Sərvər 
Söylədi belə sözlər. 
Təkcə dinmədi Elxan, 
Məktəbdən çıxan zaman 
Başqa səmtə yönəldi, 
Düz Ənvərgilə gəldi. 
Kömək etdi Ənvərə, 
Danışmadı boş yerə.