Xəbərlər

16 Oktyabr - Ümumdünya Çörək Günüdür

Milliyyətindən və dini mənsubiyyətindən asılı  olmayaraq, bütün insanlar üçün Çörək müqəddəs və ən vacib qida məhsulu sayılır. Buna görə də hər il 16 oktyabrda Ümumdünya Çörək Gününün qeyd olunması təəccüblü deyil.


Bayram Beynəlxalq Çörəkçilər və Qənnadıçılar Birliyinin təşəbbüsü ilə 2006-cı ildə təsis edilib. Tarixin məhz bu günə təsadüf etməsi -16 oktyabr 1945-ci ildə kənd təsərrüfatının və onun istehsalının inkişafında problemlərin həlli ilə məşğul olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılması ilə əlaqədardır. Bu gün, hər zaman olduğu kimi, dünyanın hər bir ölkəsində çörək və çörək məhsulları geniş və sevgi ilə istifadə olunur.


Hər zaman çörək hörmət, bolluq və firavanlıq rəmzi, xalqımızın irsi hesab olunub. Qədim dövrlərdən bəri Azərbaycanda əkinçiliklə məşğul olunub, ölkədə tapılmış paxlalı taxıllar buna sübutdur. 
Qədim dövrlərdən ocaq, çörək və ana südünə and içirik, çörəyi bıçaqla kəsmirik, əlimizlə bir parça qoparırıq, çünki Çörək - bizim üçün müqəddəsdir. 


Azərbaycanda süfrəni çörəksiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda da başqa ölkələrdə olduğu kimi çörək məhsulları insanın qida rasionunun ən əhəmiyyətli və ən vacib hissəsi kimi qəbul edilir.
Əsl çörək bişirənlər qədim misirlilər sayılır. Sonralar çörəkbişirmə peşəsi qədim yunanlara da keçib. Onlar çörəyi gildən düzəldilmiş formalarda bişirirdilər. Həmin formalara "klibanos" deyirdilər. Qədim qotların  çörəyə  verdikləri  "xlayfs",  qədim  alman  dilində  "xlayb",  rusların  "xleb", ukraynalıların  "xlib",  estonların  "leyb"  adları  "klibanos"  adından  törənmiş  sözlərdir. 


Dünyanın bir çox ölkələrinin arxeoloqları sübuta yetiriblər ki, ilk çörək bitkisi müasir çovdar və buğda yox, şam olub. Misir ehramlarında aparılan axtarışlar zamanı tapılmış heykəlciklər və digər əşyalar göstərir ki, qədim misirlilər dəni üyüdüb un almaqla bərabər, undan çörək bişirməyi də bacarırdılar.


Bişmiş çörəyin dadı tərkibindəki üzvi turşuların qədərindən asılıdır. İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. 


İnsanın sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Bəlkə də, çoxları  çörəyin  gənclik  vitamini  sayılan  E  vitamininin,  habelə  PP  və  B  qrupu vitaminlərinin mənbəyi olduğunu bilmirlər. Həmin vitaminlər insan beynini aktivləşdirir, onun  yorulmasına  və  fəaliyyətsizliyinə  imkan  vermir.  


Çörəkdə  həzm  prosesini yaxşılaşdıran  və  orqanizmin  təmizlənməsinə  kömək  edən  sellüloz  var.  Çörək  insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir.


Parisdə, Sankt-Peterburqda, Lvovda və sair  yerlərdə  çörək  tarixi  muzeyləri  yaradılıb.  Həmin  muzeylərdə  böyük  sayda eksponatlar  –  qədim  avadanlıqlar,  müəssisə  veteranlarının  və  onların  qohumlarının muzeyə hədiyyə  etdikləri  sənədlər,  şəxsi  əşyalar,  həbsxana kameralarında  məhbusların çörəkdən  hazırladıqları  əşyalar,  arxiv  sənədlərinin  surətləri,  çörəyə  aid  nadir fotomateriallar saxlanır.