Təbiət

İrbis-Qar bəbiri

İrbis, Qar bəbiri (lat. Uncia uncia) və ya Bars kimi tanınan bu böyük yırtıcı məməli Orta Asiya dağlarında yaşayır. Pişik ailəsindən olan İrbis - nazik, uzun, çevik bir bədənə və kifayət qədər qısa ayaqlara sahibdir. Kiçik başı və uzun quyruğu var. Bu gün qar bəbirlərinin sayı çox azdır. Adı yoxolma təhlükəsi altında olan heyvanların siyahısı arasındadır. Adətən 1800-3500 m hündürlükdə dağlarda yaşayırlar. Rusiyanın Qırmızı Kitabına və müxtəlif ölkələrin digər mühafizə sənədlərinə daxil edilmişdir. 


Xarici görünüşcə bəbirə bənzəyir, ancaq biraz daha kiçikdir. Açıq rəngdə olan xəzi böyük və qara halqavari ləkələrlə örtülüdür. Bədəninin uzunluğu 2- 2,3 m, quyruğun uzunluğu 92-105 sm-dir. Heyvanın çəkisi 25-55 kq-dır. Gövdəsi uzunsovdur. Erkək dişidən daha böyükdür.


Başı nisbətən kiçik, yumruvaridir. Quyruğu çox uzundur. Tük örtüyü yumşaqdır. 


Yaşayış arealı -  Rusiya, Monqolustan, Qərbi Çin və Tibet, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan Himalay bölgəsinə qədər, Hindistan, Pakistan və Əfqanıstanda yüksək və çətin əldə edilə bilən dağlarda yaşayır. Onların ərazisi dəniz səviyyəsindən 5500 metr yüksəkliklərə qədər bir neçə yüz kilometr dağ meşələrinə qədər uzana bilər. 


Əsasən dağ keçiləri, qaban, cüyür, eləcə də dovşan, kəklik, dağ siçanı və s. ilə qidalanırlar.


İrbis müntəzəm olaraq eyni marşrut boyunca dolaşaraq geniş ərazilərinə tək yaşayır. Gün ərzində yırtıcı günəş altında və ya daş altında dincəlir, qaranlıq düşəndə isə ov edir. Tək ovlanır. Bir dəfəyə 3 kq-a qədər ət yeyir.


Qar bəbirlərinin cütləşmə mövsümü qışın sonuna və ya yazın əvvəlinə düşür.  Dişi irbis may-iyun aylarında adətən 2-3 bala dünyaya gətirir. Balalar 3-4 ay süd ilə qidalanırlar. Dişilər 2-3 yaşında cinsi yetkinliyə çatır. 


İnsanlar uzun müddətdir dəyərli xəzinə görə qar bəbirlərini amansızlıqla kütləvi şəkildə güllələyirlər. Axı, bu pişiklərin dərisindən hazırlanan geyimlər dəb dünyasında bir vaxtlar qeyri-adi bir şəkildə məşhur idi. Bu gün dünyada qar bəbirlərinə ov etmək qadağandır, lakin buna baxmayaraq Monqolustan, Çin və Taylanddakı mağazalarda bahalı İrbis dəriləri hələ də tapıla bilər. Qanunsuz ovlanma nəticəsində bir çox bölgədə qar bəbiri populyasiyasının azalması müşahidə olunur. Növün çoxalmasını təmin etmək məqsədilə qar bəbiri Rusiyanın Qırmızı Kitabına və Beynəlxalq Qırmızı Kitaba daxil edilib. Təbiətdə bu vəhşi pişiklər 10 və ya 13 il yaşayır.