Təbiət

Mərcanlar

Bağırsaqboşluqlular içərisində ən böyük dəstə-mərcanlar və ya mərcan polipləridir. Onların 6000-dən çox növü mövcuddur. Onlar isti tropik dənizlərdə məskunlaşmışlar, həmçinin Qara dənizdə və Şimal dənizində də rast gəlinir. Mərcanlar iri koloniyalar şəklində yaşayırlar. Diametri 1 m-dən böyük olan mərcanalar tək halda da yaşayırlar. 


Mərcanların bədəni tək bir gövdədən ibarət olub, bu gövdənin axırında ağız və ağızın kənarlarında isə sancan tellər yerləşmişdir. Tək yaşayan mərcanları bəzən aktiniya da adlandırırlar. Aktiniyalarda bərk skelet olmur. Dəstə halında yaşayan mərcanların skeletləri kirəcdən və ya üzvi maddələrdən ibarətdir. Skeletlərin müxtəlifliyi mərcanlarda çoxdur, və “mərcan” dedikdə, əsasən, bu heyvanların skeletləri nəzərdə tutulur.


Mərcanların okean həyatındakı rolu çox böyükdür. Onlar külli miqdarda balıqlara, müxtəlif onurğasızlara qida və sığınacaq verirlər. Bundan başqa onlar çox böyük koloniyalar (rif, sualtı qayalar) yaradırlar ki, bu da Yer kürəsinin görünüşünün formalaşmasında böyük rol oynayır. Bizim planetdə ən böyük rif (sualtı qaya)- Avstraliya sahillərindəki, uzunluğu 1400 km olan “Böyük çəpər rifidir”. Riflər, əsasən, vulkanik adaları əhatə edirlər. Vaxt keçdikcə bu adalar su altında batır, onu əhatə edən mərcan rifləri isə üzdə qalır və tədricən onların üzərində bitkilər və heyvanlar məskunlaşırlar.