Bu maraqlıdır!

"Əjdaha qanı" ağacı

Qabığı zədələndikdə qırmızı rəngli, qana bənzər maye ifraz edən Əjdaha qanı ağacı (lat. Dracaena Cinnabari), Yəməndəki Sokotra adasına xas bir ağac növüdür. Demək olar ki, adanın hər bir yerində, əsasən dəniz səviyyəsindən 500-1500 m yüksəklikdə yetişir.

 

Təbii ki ağacdan axan həqiqi qan deyil. Kəsilmiş və ya zədələnmiş hissəni bərpa etmək üçün ifraz olunan qırmızı qətrandır.

 

Qədim Hind əfsanəsinə görə, Sokotra adasında qaniçən bir əjdaha yaşayıb və bu əjdaha fillərə hücum edərək qanlarını içib. Bir gün öldürdüyü nəhəng bir fil əjdahanın üzərinə yıxılıb və onu əzərək öldürüb. Əjdahanın qanı torpağa yayılıb və bu torpaqda “Əjdaha qanı ağacı” bitib.

 

Ağacın ərəb adı - dam al-ahavein ("iki qardaşın qanı")dir. Bu ad iki qardaş arasındakı mübarizənin əfsanəsi ilə əlaqələndirilir. Bu bitkinin yerli (Sokotra) adı isə - a`riyobdur.

 

Əjdaha qanı ağacının hündürlüyü 8-10 m-dir. Bu həmişəyaşıl ağacın sıx tacı açıq çətirə bənzəyir. Əsasən həmişəyaşıl meşələrdə, əhəngdaşlı torpaqlarda, mussonlar zamanı az buludlu, yağışlı və çiskinli yerlərdə yetişir.

 

Ağacın qeyri-adi forması dağ zirvələrindəki  quraq şəraitdə yaşamağa imkan verir. Böyük, sıx tacı kölgə ilə təmin edir və nəmin buxarlanmasını azaldır. Bu kölgə yetkin ağacın altında bitən fidanların sağ qalmasına kömək edir.

 

Fevral ayında Əjdaha qanı ağacı çiçəklənməyə başlayır, baxmayaraq ki, çiçəkləmə müddəti ağacının böyüdüyü yerdən asılı olaraq dəyişə bilər.

 

Meyvələr kiçik, ətlidir, birdən üçə qədər toxumdan ibarətdir. Yetişdikcə əvvəlcə yaşıl, sonra qara, daha sonra  isə yetişəndə ​​narıncıya çevrilirlər. Giləmeyvəsi quşlar və heyvanlar tərəfindən yeyilir, bununla da toxum yayılır.

 

Əjdaha qanı ağacı 600 il yaşaya bilir.