Nağıllar, hekayələr

Sinif nümayəndəsi

Sentyabr ayı idi. Dərslər başlanmışdı. Müəllim sinifdə iclas keçirdi və dedi:

– Uşaqlar, yoldaşlarınızdan birini sinif nümayəndəsi seçməlisiniz. Kimi seçək?

Leyla söz alıb dedi?

– Mən Aytacı təklif edirəm.

Sahib etiraz etdi:

– Yox, Aytacı seçmək olmaz, onun riyaziyyatdan “3”-ü var.

Uşaqlardan biri Əhmədi sinif nümayəndəsi seçməyi təklif etdi.

Sahib bu dəfə də etiraz etdi:

– Əhmədi də seçmək olmaz, o, tez-tez dərsə gecikir.
Aysu dedi:

– Gəlin Sahibi seçək. O, dərs əlaçısıdır, həm də çox intizamlı, bacarıqlı şagirddir.

Hamı bu təklifə razı oldu. Sahib isə utandığından başını aşağı saldı.