Təbiət

Balıqlar necə nəfəs alır

Balıqlar qəlsəmələr vasitəsilə nəfəs alır. Bu orqanlarda insanın ağ ciyərindəki kimi qanın oksigenlə zənginləşdirilməsi baş verir, lakin qaz havadan yox, sudan daxil olur.

 

Balığın udlağı nasos kimi işləyir. Balıq suyu ağzına yığır. Su qəlsəmələrdən itələnib çıxarılır. Burada oksigen sudan qana daxil olur, qandan isə karbon qazı ifraz olunur.

 

Əksər balıqlar tənəffüs üçün qəlsəmələrdən, bəziləri isə əlavə nəfəs üsullarından istifadə edirlər. Yəqin ki, çoxları akvariumda oksigen çatışmadıqda balıqların suyun üzərinə qalxıb hava udmaqlarını müşahidə ediblər. Lakin balıqlar belə uzun müddət atmosfer havası ilə nəfəs almağa uyğunlaşmışlar.

 

Karp, dabanbalığı, tinqa balığı üfunətli göl sularında yaşayır. Qəlsəmələrlə tənəffüs çətinləşdikdə onlar, həmçinin dəri üstü ilə də nəfəs alırlar. Dabanbalığı və angvil soyuq havada, səbətdə yaş otların arasında on iki saatdan çox yaşaya bilir.

 

Maraqlıdır ki, tək yuxu zamanı deyil, həm də həyat prosesi aşağı düşdükdə oksigenə tələbat kəskin surətdə zəifləyir. Əgər çəki balığının və ya çökə balığının ağzına konyakla isladılmış pambıq qoysaq, balıq donma halına düşər və aşağı temperaturda susuz iki sutka yaşaya bilər.

 

Bəzən balıqlarda tənəffüs üçün bağırsaqlar da iştirak edir. Cənubi Amerika naqqası doras havanı ağzına yığır və bu havanı külli miqdarda qan damarları keçən bağırsağına ötürür. Burada da qanın oksigenlə zənginləşməsi baş verir.

 

Bəzi balıqlarda atmosfer havası ilə nəfəs almaq üçün xüsusi orqanlar əmələ gəlmişdir. Tropik balıqlardan olan makropod və qurami şirin su hövzələrində, bəzən isə düyü tarlalarındakı arxlarda yaşayır. Bu balıqlar hava tənəffüsü üçün labirint aparatından istifadə edirlər.

 

Atmosfer havası olmadan quramilər yaşaya bilməzlər.Quramilər hava tənəffüsü olmadan keçinə bilməzlər.

 

Bataqlaşmış göllərin sakini sarmaşca xırda balıq olub, qəlsəmələrlə və bağırsağının köməyilə nəfəs alır.

 

Su hövzəsi quruduqda sarmaşca yuxuya gedir, bu vaxt orqanizmin oksigenə tələbatı azalır. Güclü quraqlıq vaxtı o, lilin içərisinə girərək gizlənir. Adətən lilin üzərinə qalın təbəqəli qabıq əmələ gəlir ki, onun üstündən maşın da keçə bilər. Lakin bu sarmaşcaya heç bir təsir göstərmir. O, məhv olmur və yağışdan sonra yenidən suya qayıdır.

 

Həddindən artıq uzun müddət susuz yaşamaq bacarığı, Afrikadan olan protopterus balığına aiddir.

 

Su hövzələri quruduqda o, lildən və bədəninin ifraz etdiyi selikdən xüsusi barama düzəldir. Bu baramada protopterus ilin bütün quraqlıq dövrünü, yəni altı aya yaxın bir vaxtı keçirir. Belə baramada onu min kilometr məsafəyə aparmaq mümkündür. Protopterus üç

ildən çox yuxuda qala bilər. Əgər baramanı isti suya qoysaq, o, əriyər və balıq heç nə olmamış kimi üzməyə başlayar.

 

Uzun müddət susuz keçinə bilənlərdən biri də hoppanan balıqdır. Həşəratları ovlayarkən o, saatlarla quruda qalır. Tutulmuş hoppanan balığı altı gün nəm qumda saxlamışlar və onlar özlərini çox yaxşı hiss etmişlər.

 

Hoppanan balıqlar qəlsəmələrlə yanaşı, dərisi və ağız boşluğu ilə nəfəs alırlar. Bundan başqa onlarda qəlsəmə qapağı bədənə çox sıx birləşir və qəlsəmələr uzun müddət nəm qalır. Bəzi mütəxəssislər belə hesab edirlər ki, hoppanan balıqlar quyruğu ilə də nəfəs alırlar. Əbəs yerə bu balıqlar sahil qumlarında oturub quyruqlarını suya salmırlar.