Nağıllar, hekayələr

X.Hasilova. "Buyurun, əyləşin"

Nazimin ayağı yanmışdı. Bir həftə idi ki, anası onu həkimə aparırdı. Həkim hər dəfə tapşırırdı:
 
– Ayaq üstə çox durma ha, ayağına güc düşər. Nazim onun sözünə baxır, həmişə maşında otururdu.
 
 
Bir gün o, həkimə tək getdi. Nazim avtobusda oturmuşdu. Yara onu çox incidirdi. Birdən o, ayaq üstə güclə dayanan qocanı gördü.
 
 
Nazim ayağa qalxıb, yerini hörmətlə ona verdi:
 
– Babacan, buyurun, əyləşin!
 
– Çox sağ ol, oğlum – deyə, qoca razılıq edib əyləşdi.
 
 
Birdən qoca Nazimin tənziflə sarınmış ayağını görüb, yerindən qalxdı, onu oturtmaq istədi, ancaq Nazim oturmadı.