Şeirlər

Mirzə Ələkbər Sabir. Məktəbə çağırış!

Mənim bağım, baharım! 
Fikri ziyalı oğlum! 
Məktəb zamanı gəldi, 
Dur, ey vəfalı oğlum! 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 


Gün çıxdı, sübh açıldı, 
Qaranlıqlar qaçıldı, 
Pəncərədən gün düşdü, 
Otaqlara saçıldı. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 


Oğul, oğul, amandır, 
Çox yuxlamaq yamandır. 
Çox yuxlamaq  şeytandan, 
Tez durmaq  Allahdandır. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 

 

Müəllimin kəlamın 
Al, saxla ehtiramın; 
Haqqdan edər təmənna 
Məktəbinin davamın. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 


Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 

 

Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 

 

Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur ,məktəbə get ,oğlum,
Dəftər sənin rəfiqin.
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 

 

Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrini bil elmü fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım!