Bu maraqlıdır!

Xəzər dənizinin balıqları

Xəzər dənizi Avropa və Asiya qitələrinin kəsişməsində yerləşir. Sahəsi 380 min kvadratkilometrdir. Suyunun səviyyəsi dəyişkəndir. Hazırda Xəzərin dünya okeanı səviyyəsi okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Xəzər dənizinin dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə birbaşa əlaqəsinin olmamasıdır. 


Xəzər dənizində 100-dən çox balıq növü var. Bunlara nərəkimi balıqlardan olan 5 metrlik nəhəng bölgədən tutmuş 45 millimetr uzunluğu olan hirkanobus xul balığı da daxildir. Burada bəzi növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər, xulkimilər, nərəkimilər, qızılbalıqkimilər, durnabalığı, çəkikimilər, naxabalığı və s. Durnabalığı, xanıbalığı, dabanbalığı şirin su mənşəlidirlər. Onlara əsasən çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlinir. Dünya nərə balığı ehtiyatlarının 90 faizi Xəzərdə cəmlənib.


Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir – 42 növ; xulkimilər – 31, siyənəkkimilər – 17, qızılbalıqkimilər – 2, nərəkimilər – 5 növdən ibarətdir. 


Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyətlidir. Balıq növləri içərisində yox olmaq təhlükəsi ilə üzləşdiyi üçün Azərbaycan Respublikanın “Qırmızı kitabı”na daxil edilənlər də var: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sıfı. Son illərdə nərə balıqlarının bütün növlərinin (ağbalıq, kələmo-qayabalığı, uzunburun balığı), Xəzər qızılbalığının, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalıb. 


Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitisidir. O, mövcud suitilərin ən kiçiyidir. Nəslinin tükənmək təhlükəsi olduğuna görə Xəzər suitisi də “Qırmızı kitab”a daxil edilib.