Şeirlər

Hüseyn Arif. “Gəlin elə edək ki...”

Meşələrə çıxanda
Tüfəng götürməyək biz.
Bir kəkliyi qayadan
Qovub itirməyək biz.
Gülmək yerində gülün,
Susmaq yerində susun,
Bülbül enib budaqdan,
Çiynimizdə oxusun.

 

 

Oğrun baxışlı maral
Meşələrdə deyilmi?
Gəlin elə edək ki,
Əziz dostumuz kimi
Sərin çeşmə başında
O bizə qonaq olsun.
Nə belə ürküb qaçan,
Nə belə qorxaq olsun.

 

 

Qalxsın şabalıd, vələs,
Zoğal, iydə, tut, çinar.
O qarlı zirvələri
Salamlayanda bahar,
Qartal xəbərə gəlsin.
Gəlin elə edək ki,
Düzləri keçə-keçə,
İnsanın arxasınca
Ceyran şəhərə gəlsin.