Nağıllar, hekayələr

Rus xalq nağılı. Cəsur qoyun

Bir gün qoyunla keçi meşəyə otlamağa getdilər. Gəzdilər-gəzdilər və sonda azdılar. Meşənin qalınlığında gördülər ki, canavarlar od qalayıb yemək bişirir. 


Keçi sakitcə qoyuna dedi:


-Neynəyək dostum? Deyəsən, azmışıq. İndi bizi ac canavarlar yeyəcək.


Qoyun daha da astadan dedi:


-Gəl ağaca dırmaşaq, orada bizi tapa bilməzlər.


Keçi ilə qoyun sakitcə ağaca dırmaşdılar. Dırmaşdılar-dırmaşdılar ağacın ən yuxarısına çatdılar. Birdən budaq qırıldı və qoyun kəllə-mayallaq olub düz canavarların yemək bişirdiyi yerə düşdü. Qorxudan mələməyə başladı.


-Meee-eee-eee.


Qəfil guppultudan canavarlar qorxdu, qabları aşırdıb, alovu tapdalayıb, hərəsi bir tərəfə qaçdı.


Qoyun yerdən qalxıb keçiyə dedi:


-Düş ağacdan keçi!  Gör necə cəsuram. Məndən canavarlar da qorxur. Meee-eee-eee.