Görkəmli şəxsiyyətlər

Pyotr İliç Çaykovski (1840-1893)

Pyotr Çaykovski musiqisi rəngarəngliyi, romantikliyi və qeyri-adi melodiya zənginliyi ilə seçilən dahi rus bəstəkarıdır. Vyatsk quberniyasının Votkinsk şəhərində dağ mühəndisi ailəsində anadan olan Pyotr fortepianoda ifa etməyə dörd yaşından başlayır. On dörd yaşında ikən onun bəstəkarlıq keyfiyyətləri də üzə çıxır. Lakin gənc yaşında peşəkar musiqi ilə məşğul olmaqdan çəkinir.
 
1862-ci ildə yeni açılmış Peterburq konservatoriyasına qəbul olan Çaykovski növbəti il diqqətini bütünlüklə musiqi təhsilinə yönəltmək üçün dövlət qulluğunu tərk edir. Konservatoriyanın direktoru A.Q.Rubinşteynin yanında orkestr və kompozisiya ilə məşğul olur və təhsil illərində A.N.Ostrovskinin "Tufan" pyesinə eyni adlı uvertüra və F.Şillerin şerinə kantata bəstələyir. Konservatoriyanı bitirdikdən sonra 1866-cı ildə Anton Rubinşteynin qardaşı tərəfindən elə həmin il açılmış Moskva konservatoriyasına harmoniya professoru vəzifəsinə dəvət alır.
 
Bu ərəfədə Çaykovski bir çox musiqi əsəri - çoxsaylı simfoniya və uvertüra, simli kvartetlər, fortepiano konsertləri, violonçel üçün konsertlər, orkestr ilə skripka üçün əsərlər, həmçinin opera və baletlər bəstələyir. Moskvada işlədiyi ilk iki il ərzində Çaykovski özünün ilk simfoniyasını və ilk operası olan “Voyevoda”nı bəstələyir.
 
Növbəti onilliyin əvvəllərində möhtəşəm uğurlara imza atan musiqiçi ikinci və üçüncü simfoniyaları (1872, 1875-ci illər), üç simli kvarteti (1871, 1874, 1876-cı illər), birinci fortepiano konserti si-bemol minoru, sonra isə orkestr fantaziyası “Françesko da Rimini”ni (1876-cı il) və orkestrli violonçel üçün rokoko mövzusunda variasiyanı (1877-ci il) bəstələyir. “Dəmirçi Vakula” operası və “Qu gölü” baleti müvafiq olaraq 1876 və 1877-ci illərdə səhnəyə qoyulur.
 
Çaykovski vaxtlnın çox hissəsini xarici ölkələrdə keçirir, uzun müddət qohumlarının (əsasən Ukraynada bacısı Aleksandranın ailəsinə məxsus Kamenka mülkündə) və dostlarının malikanələrində yaşayır. Həmin müddətdə üç opera – “Orlean qızı” (1881-ci ildə səhnəyə qoyulub), “Mazepa” (1884) və “Cadugər” (1887), həmçinin skripka konserti re-major (1878-cil iı) bəstələyir. 1890-cı ildə məşhur “Qaratoxmaq qadın” operasını yazır.
 
1891-ci ilin baharında Çaykovski ilk dəfə Birləşmiş Ştatlara səfərə çıxır, Nyu-Yorkda, Baltimorda və Filadelfiyada çıxışlar edir və Avropaya nisbətən burada daha məşhur olduğunu görür. Rusiyaya qayıtdıqdan sonra, yay aylarını “İolanta” operasının və “Şelkunçik” baletinin bəstələməsinə həsr edir.
 
1893-cü ilin əvvəlində Çaykovski Altıncı simfoniya si-minorun üzərində işləməyə başlayır. Lakin əsər Çaykovskinin Kembric universitetinin ona təqdim etdiyi fəxri musiqi doktoru dərəcəsini almaq üçün İngiltərəyə səfəri ilə əlaqədar yarımçıq qalır. Simfoniya avqust ayında tamamlanır və oktyabrın 28-də Peterburqda ilk dəfə müəllifin müşayiəti ilə ifa edilir.
 
Konsertdən beş gün sonra Çaykovski vəba xəstəliyinə tutulur və 1893-cü il oktyabrın 25-də (noyabrın 6-da) vəfat edir.
 
 
Məşhur əsərləri:
 
Operaları: “Qaratoxmaq qadın”, “Yevgeni Onegin”, “Dəmirçi Vakula”, “Orlean qızı”, ”Mazepa”, “Cadugar”, “İolanta”, “Çəkmələr”.
Baletləri: “Qu gölü”, “Şelkunçik”, “Yatmış gözəl”.
Bəstəkar 20-dən artıq simfonik əsər, “İlin fəsilləri” və “Uşaq albomu”nun da daxil olduğu fortepiano üçün əsərlər də bəstələyib.