Şeirlər

Zahid Xəlil. Xoruz

Köynəyi al lalədən,

Qırmızırəng qələmim!

Gəl mənim dəftərimə

Xoruz çəkək qələmim.

Onu elə çəkək ki,

Tükləri çiçək olsun.

Lələyi qövsi-qüzeh

Gözü mərcimək olsun.

Dimdiyi əyri olsun

Dəhrəburun xoruzun

Caynağı qarmaq kimi

Quyruğu da lap uzun.

Sinəsini qabardıb

Ayağını cütləsin.

Mənim qəşəng xoruzum

Çox uzağa getməsin

Başla, xoruzu çəkək,

Di bir az tələs görək!