Nağıllar, hekayələr

Gülzar İbrahimova. Ən qiymətli nemət

Biri var idi, biri yox idi, Sərraf adlı oğlan var idi. Sərraf çox tənbəl idi. Ata-anası nə qədər ki, sağ idi, o heç nədən korluq çəkmirdi, elə ki, onlar öldülər, oğlan yeməyə yavan çörək belə tapmadı. Bir-iki gün qonşulardan çörək alıb yedi.


Amma işləmək istəmədi. Bunu görən qonşusu Məhəmməd kişi dilə gəldi:


-Bala, cavan oğlansan, niyə bir tikə çörəkdən ötəri başqasına möhtac olursan. İşlə, yad adama möhtac olmaqdansa, öz əllərinə möhtac ol!


Sərraf bikef-bikef dilləndi:


-İstəyirsiz mən iş görənə qədər, pul qazanana qədər ac qalım? Heç ata-anam sağ olanda mənnən belə danışmırdız. İndi mən yetim qalmışam, hamı mənnən kobud danışır. Heç kəs mənə kömək eləmək istəmir. Lazım deyil
mənə sizin çörəyiniz, onu gedib başqa adamdan da alaram.

Sərraf başladı bütün günü veyil-veyil gəzməyə. Acanda da qapıları döyüb çörək istədi. Onu sağlam görən qapıdan qovdu, çörək vermədi. Axşam düşdü. Sərraf acından ölürdü. Çəkildi kimsəsiz bir yerə. Oturdu iri bir daşın üstündə. Gördü acından qarnı sancıdan doğranır. Qarnını qucaqlayıb, zülüm-zülüm ağlamağa başladı. Bu vaxt bir ağ saçlı, ağ saqqallı, ağ libaslı, nurani bir kişi Sərrafa yaxınlaşdı. Ağlamağının səbəbini soruşdu:


-Kişi ağlamaz, səni ağladan nədir, sirr deyilsə de mənə, bəlkə dərdinə bir çarə edə bildim.


Sərraf dərdini açıb qocaya danışdı. Nurani qoca Sərrafın halına acıdı:


-Yazıq cavan, mən də cavanlıqda sənin kimi idim. Kimə ağız açırdım, bir tikə çörəkdən ötəri, hərə bir söz deyirdi. Biri deyirdi, əlin ayağın sağ-salamat, mən niyə ruzumu sənə verməliyəm? Başqa biri deyirdi, ağlın başında, görən gözün, mən niyə sənə çörək verim. Belə-belə çox ac qaldım, axırda əlacsız qalıb iş-güc öyrəndim.


Sərraf gördü qoca onun halına acıyır, ürəyini ona açdı:


-Əlbəttə, mənə də uşaqlıqdan hər işi öyrətsəydilər mən də indi hamı kimi işləyərdim. Amma mənə ata-anam hər şeyi özləri veriblər, özümə də iş öyrətməyiblər. İndi mən də heç nə eləyə bilmirəm.


Qoca dedi:


-Mən sənə kömək edərəm, ac qalmarsan. Amma gərək mən deyənləri edəsən. Razısansa, deyim.


Sərraf sevindi:


-Əlbəttə razıyam, de görüm nə deyirsən?


Nurani qoca dedi:


-Gedərsən qoşun başçısının yanına deyərsən məni sənin yanına əmin göndərib ki, məni döyüşçü götürəsən, özümə də hər şeyi öyrədəsən.


Sərraf tez dilləndi:


-Nə danışırsan, ay qoca? Mənim gücüm var döyüşüm? Neçə gündür acam. Kimnən döyüşsəm məni götürüb vurar yerə. Elə həmən canım çıxar. Məndən döyüşçü çıxmaz, məni başqa işə göndər.


Qoca bir az fikirləşəndən sonra dedi:


-Onda gedərsən qazinin yanına, deyərsən məni sənin yanına baban göndərib. Onun böyük qoyun sürüsü var. Çoban axtarırdı. Səni götürər çobanlığa, bir tikə çörəyin olar.


-Heç bu iş də mənlik deyil, -dedi oğlan, - cavan oğlanam, sonra mənə yaxşı qız gəlməz. Deyərlər, çobanın biridir. Heç nə qanmır.


Nurani kişi səbrlə Sərrafı başa saldı:


-Başqa əlacın yoxdur, onda acından öləcəksən.


Sərraf acından ölməkdən qorxdu, dedi:


-Yaxşı, acından ölməkdənsə, çoban olaram.


Getdi qazinin yanına. Qoca dediklərini qaziyə dedi. Qazi oğlanı çox mehriban qarşıladı. Yedirtdi, içirtdi, aparıb heyvanların arxac yerini, yəni qoyunların yatdığı yeri göstərdi ki, sübh tezdən Sərraf heyvanları otarmağa aparsın.
Sərraf da razılaşdı. Qazi axşamdan Sərrafın heybəsinə yemək qoydurdu ki, heyvan otaranda ac qalmasın. Sərraf gecəni rahat yatdı. Bir vədə oyandı ki, gün günorta olub, qazi işdən günorta namazına qayıdıb. Heyvanlar da qalıblar acsusuz, mələşə-mələşə. Qazi hirslənsə də heç nə demədi. Sərraf durub yeməyini yedi, heybəsini çiyninə saldı, yuxulu-yuxulu heyvanları qabağına qatıb otarmağa apardı. Böyük bir çəmənliyə çatdı. Gün başına döymüşdü deyə, bir kölgəlik tapdı. Heyvanlar ac idilər. Dayanmadan otlamağa başladılar.


Bir az oturandan sonra Sərrafı yuxu tutdu. Bir də səsə ayıldı ki, canavarlar qoyunlara hücum ediblər. Sərraf ayağa duran kimi canavarlar çobanı görüb sürüdən əl çəkdilər. Amma qoyunların neçəsini yemişdilər. Axşam tərəfi Sərraf sürünü həyətə gətirdi. Qazi qoyunlarını sayanda gördü ki, heyvanlardan düz on dördü əskikdir. Sərrafı o qovan qovdu.

 

Sərraf yenə hər gün başladı ət kəsənlərdən, çörək bişirənlərdən, şirni satanlardan yemək istəməyə. Amma heç kim ona heç nə vermədi. «Elə bil camaatın ürəyi daşdandır», - deyə Sərraf fikirləşdi. Acından qarnı sancılandı. Axşam düşmüşdü. Yenə də gəlib üç gün bundan qabaq qoca ilə rastlaşdığı yerə gəldi. Oturdu daşın üstündə ki, bəlkə sancısı kəsə. Bu vaxt qoca peyda oldu və ondan soruşdu:


-Neyləyirsən burda?


Sərraf dilləndi:


-Acından ölürəm, qoca mənə kömək elə!


Nurani qoca soruşdu:


-Bəs qaziyə çobanlıq eləmədin?


Sərraf öz elədiklərindən heç nə demədi, qazini günahkar saydı:


-Qazi adam yola verən deyil, heç nəyin üstündə məni qovdu.


Qoca mənalı-mənalı gülümsündü, çünki hər şeydən xəbərdardı. Dedi:


-Mən daha sənə heç bir kömək edə bilmərəm. Onda get, qapı-qapı dilənçilik elə, bir qarın çörəyə.


Sərraf ona da razıydı, amma bu da əlindən gəlmirdi:


-Sən elə bilirsən ki, mənə bir tikə çörək, ya da bir quruş pul verən var? Hamı deyir ki, şikəst olsaydın sənə pul verərdik. İndi ki, bizim kimi, əlin-ayağın, görən gözlərin var, get özün pul qazan!


-Hər kəs özü zəhmət çəkib özünə çörək pulu qazanmalıdır, onu düz deyirlər, -dedi qoca.


Sərraf qocanı dilə tutmaq istədi:


-Qoca, mən onların dediyini edəcəyəm. Amma qoy iş-güc əlimdən gələnə qədər sənin varlı qohum-əqrəban mənə bar az puldan-qızıldan versinlər.


Qocanın səbri tükənsə də Sərrafı başa salmaq qərarına gəldi:


-Hər kəs özü zəhmətilə özünə ruzi-bərəkət qazanar. Tanrı həmin ruzinin qədrini bilməyənləri cəzalandırar, verdiyini onlardan geri alar. Kimsənin maldövlətinə heç vaxt göz dikmə.


Sərraf acığını qocaya tökdü:


-Sənin məsləhətindən belə başa düşürəm ki, mən acından ölməliyəm. Tanrı məni şikəst eləsəydi, mənə də bir tikə çörək verərdilər.


Nurani qoca rəhmsiz bir görkəm aldı:


-Bu heç də çətin deyil! Sehr oxuyub səni şikəst edə bilərəm! Sən də asanlıqla çörək pulu qazana bilərsən. Kimsə bir tikəsini səndən əsirgəməz.


Sərraf əvvəlcə inanmadı:


-Sən sehr bilirsənsə, mənə çoxlu var-dövlət ver. Şikəst niyə edirsən məni, ürəyin daşdandı bəyəm?


Qoca dilləndi:


-Sən dünyada ən qiymətli nemət olan can sağlığının qədrini bilmirsən. Tanrıdan şikəstlik istəyirsən, mən də sənin ancaq bu istəyini yerinə yetirə bilərəm.


Sərraf qocanı yoxlamaq istədi:


- Can sağlığı ən qiymətli nemət olsaydı, mən indi hamıdan dövlətli olardım. Lazım deyil mənə belə qiymətli nemət. Mən acından öləndən sonra o sağlamlığın mənim üçün heç bir qiyməti yoxdur. Şikəst olum, amma bir tikə
çörəyim olsun. Əgər sən doğrudan da sehlisənsə, onda mənim baş barmağımı yox elə! Qoca, birdən peşman olsam, barmağımı təzədən mənə qaytara bilərsən?


Qoca Sərrafı başa sala bilmədiyinə təəsüfləndi. Dedi:


-Əlbəttə qaytara bilərəm. Nə vaxt peşman olsan, gələrsən, yenə də barmağını yerinə qaytararam.


Sonra qoca oğlanın baş barmağını torpağa basdırıb dua oxudu və bərkdən dedi:


-Sərrafın baş barmağını özündən qabaq sənə göndərirəm, ac torpaq! Ac torpaq! Ac torpaq!


Bu vaxt hər tərəfə zülmət qaranlıq çökdü. Ayın üzü tutuldu. Yer titrədi. Sərraf elə bildi ki, zəlzələdi. İstədi əlini torpaqdan çıxardıb qaçsın. Birdən hər şey əvvəlki kimi oldu. Ayın üzü açıldı. Yerin titrəməsi dayandı. Sərraf əlinə
baxanda gördü ki, baş barmağı yoxdu. Qorxudan qışqırdı. Amma tez də sakitləşdi. Fikirləşdi ki, neyləyir bir barmağı? Onun əvəzində ona nə istəsə verəcəklər. Daha heç kəs deməyəcək, «şikəst deyilsən ki, sənə çörək verək».


- Çox sağ ol, qoca, baxarsan, indi mənim həmişə çörəyim olacaq, - Sərraf dedi qocaya və sonra isə düz yollandı yaxınlıqdakı dülgər emalatxanasına.


Emalatxanada işləyəndən çörək istədi. Dülgər ona baxıb dedi:


-Oğlan əlin-ayağın, mən niyə sənə çörək verməliyəm? Get, zəhmət çək, çörək pulunu özün qazan!


Sərraf şəstlə olmayan barmağını dülgərə göstərib dedi:


-Barmağımı görsən heç vaxt belə danışmazsan! Tez elə mənə çörək ver!


Dülgər əlindəki taxtanı yerə qoyub əlini açdı. Sərraf gördü ki, dülgərin iki barmağı yoxdur, dedi:


-Bəs sən niyə şikəst əllə işləyirsən?


Dülgər cavab verdi:


-Cavanlıqdan bu sənəti öyrənmişəm, İndi də sənin kimi qapı-qapı düşüb dilənməyim deyə, yenə işləyirəm, bir parça çörəkdən ötəri heç kəsə boyun əymirəm. Buna görə də Tanrıma şükür edirəm.


Sərraf dülgərin yanından çıxıb düz qocanın yanına qayıtdı və dedi:


-Mənim bir barmağımı şikəst eləmisən, amma mənə yenə də sədəqə verən yoxdur. Heç olmasa qollarımın ikisini şikəst elə, bəlkə onda mənə qarın dolusu yemək verən olar.


Qoca elə bil Sərrafın bu sözünə bənd idi. Oğlana dedi:


-Torpağı qaz, qollarını çiynindən aşağı torpağa basdır!


Elə ki, Sərraf qollarını torpağa basdırdı, qoca vahiməli bir səslə dua oxudu, sonra isə dedi:


-Sərrafın qollarını özündən qabaq sənə göndərirəm, ac torpaq! Ac torpaq! Ac torpaq!


Bu vaxt yenə də hər tərəfə zülmət qaranlıq çökdü. Ayın üzü tutuldu. Yer titrədi. Az keçmədi ki, hər şey əvvəlki kimi oldu. Ayın üzü açıldı. Yerin titrəməsi dayandı. Sərraf belini dikəldəndə gördü ki, qolları yoxdu. Hönkür çəkib ağladı. Hamını qarğadı, ona bir tikə çörəklərini əsirgədiklərinə görə.

Qoca sakitcə bir daşın üstündə oturub Sərrafa baxır, səsini çıxartmırdı. Sərraf ağlaya-ağlaya ayağa durub evlərinə gəldi. İki gün idi ki, ac idi. Acından gecəni yuxusuz qaldı. Səhər obaşdan bazara yollandı. Bazardakılar gördülər ki, iki qolundan şikəst bir oğlan dilənməyə gəlib. Onun halına acıdılar. Gətirib oğlana çoxlu nəzir-niyaz verdilər. Amma Sərrafın əlləri olmadığından onları nə götürə bildi, nə apara bildi, nə də yeyə bildi. Qaldı baxa-baxa. Yaxınlaşdı bal-yağ satana. Bal-yağ satan gördü şikəst gəlib onun yanına, tez bir dolu kasa balla-yağı qarışdırıb qoydu Sərrafın qabağına ki, yesin. Sərrafın əlləri olmadığından o başını uzadıb ağzı ilə balyağı yaladı. Bütün ağzı, burnu bala batdı. Qarnı doyandan sonra kefi kökəldi. Bazardan çıxdı, üz tutdu evlərinə tərəf. Balın ətrinə gələn arılar yolda başladılar Sərrafın ağız-burnunu yalamağa. Oğlan da başını tez-tez o yan-bu yana tərpətdi ki, arılar onu sancmasınlar. Bundan qəzəblənmiş arılar Sərrafı o ki var, sancdılar. Üz gözündə salamat yer qoymadılar. Başsız oğlan əllərinin qədrini indi bildi. Üz-gözü o qədər şişdi ki, gözləri ayağının altını güclə gördü.


Təzədən o boyda oğlan gözlərinin yaşını tökə-tökə gəldi qocanın yanına.


Qoca oğlanı bu gündə görəndə dözmədi:


-Tənbəlliyin gör səni nə günə qoydu, oğlan! İndi məndən nə istəyirsən? Nəyə gəlmisən?


Oğlan dedi:


-Qoca, mənə bircə sən kömək edə bilərsən. Qoldan şikəst olmaq istəmirəm. Əllərim yoxdur deyən mənə verilən nəzirləri nə daşıya bilirəm, nə də yeyə bilirəm. Dərdimə çarə et qoca, qollarımı geri qaytar, onun yerinə ayaqlarımdan şikəst olum. Onda mənə çətin olmaz. Heç olmasa tapdığımı yeyə bilərəm.

Qoca oğlanın dediklərinə əməl elədi. Oğlanın iki qıçı da dibindən yox oldu. Şikəst Sərraf iki ağac tapıb özünə qoltuq ağacı elədi. Özünü birtəhər evlərinə çatdırdı. Gecəni yatdı. Səhər ertədən durdu ki, gedib bazarda firnidən, xəşildən, balyağdan zaddan doyunca yesin. Təzəcə bazara çatmışdı, hay-küy düşdü ki, kəndə sel gəlir. Qaçhaqaç başlandı. Bazardakılar qaçıb canlarını qurtardılar. Sərrafın isə qoltuq ağaclarını da sel apardı. Hər yanı palçıqlı su basdı. Oğlan indi sağ ayaqlarının qədrini bildi. Amma gec idi. Sehrli qoca da yanında yox idi ki, ona kömək eləyə. Suyun içərisində çapalamağa, bərkdən qışqırıb camaatı köməyə çağırmağa başladı. Kimsə onun səsini eşitmədi, dadına yetişmədi. Sel-su o qədər çoxaldı ki, oğlanın boğazına qədər çıxdı. Üç gün Sərraf boğazına qədər suyun içində qaldı. Fikirləşdi ki, daha son nəfəsidir, Allaha yalvarmağa başladı:


-Allah, keç günahımdan, sağ canımın qədrini bilmədiyimə görə, bir qarın yeməkdən ötrü özümü salamat ikən şikəst elədiyimə görə.


Bir də oğlan gördü ki, su get-gedə azaldı. Su azalan kimi ən əvvəl bazara malı qalanlar qayıtdılar. Camaat şikəst oğlanı suyun içərisində görəndə halına acıdı. Ona çoxlu yeməli, pul nəzir verdilər. Sərraf isə onların heç birisini
götürmədi. Sürünə-sürünə yollandı qoca ilə rastlaşdığı yerə, Qoca elə bil oğlanı gözləyirdi:


-İndi haranın şikəst olmasını istəyirsən? İstəyirsən gözlərindən bimar edim səni? Onda sənə daha çox sədəqə verərlər. Heç bazara da getməyin lazım olmaz. Gətirib hər şeyi evində verərlər sənə. Hamıdan çox yeyərsən.
İstəyirsən razı ol, elə indicənə səni kor edim!


Sərraf şikəstliyin nə olduğunu bilirdi. Ona görə də qocanın sözünü kəsdi:


-Yox, mənim sağlam canımı, sağlam ayaqlarımı mənə qaytar, daha mənə heç nə lazım deyil. Öz çörəyimi özüm qazanaram. İndi başa düşmüşəm ki, ən qiymətli nemət doğrudan da canın sağlamlığıdır.


Qocanın xoşuna gəldi oğlanın dedikləri. O, başa düşdü ki, sehri Sərrafın ağlını, dünya görüşünü artırıb, oğlanı ağıllandırıb. Sevindi:


-Torpaq, a torpaq, qaytar Sərrafın ayaqlarını, qaytar. Peşman olub, keç onun taqsırından, peşman olub!..


Yer titrədi, Günəşin üzünü qara buludlar aldı, çox keçmədi ki, yer də sakitləşdi, Günəşin üzü də açıldı.


Bu vaxt Sərraf öz ayaqlarının torpağın altında ağrıdığını hiss elədi. Ayaqlarını nə qədər çəkdisə torpağın altından çıxara bilmədi. Əlləri ilə torpağı eşməyə başladı. Torpağın altında ayaqlarını görəndə çox sevindi. Qalxdı ayağa, nurani qocaya «sağ ol», dedi, sehrləri ilə ona hər şeyi başa saldığına görə. Yola düzəldi, düz getdi meşəyə. Əlləri tikanlı kollara ilişə-ilişə çoxlu, moruq yığdı. Aparıb bazarda satdı. Əlinə çoxlu pul gəldi. Sevinci yerə-göyə sığmadı. Elə o gündən də tənbəlliyin daşın atdı. Əllərini göyə qaldırıb sidq ürəkdən Tanrıya dua elədi. Allahın ona bəxş elədiyi ən qiymətli nemətə görə . Ondan əsirgəmədiyi can sağlığına və verdiyi ruzuya
görə.


Sərraf yedi, içdi, arzusuna çatdı, biz də öz istəklərimizə çataq. Nağılımız da qoy burda sona çatsın, biz də səninlə bir yerdə dua edək Tanrıya, bizə verdiyi əqlə, zəkaya bir də sağlam cana görə.


«Şükür, sənə Yaradan, bizə hədiyyə etdiyin bütün nemətlərə görə», deyək!..