Şeirlər

Sergey Mixalkov. "Otuz altı, altı"

Tərcümə edəni: G.Orucova

Ay uşaqlar, işlərim
Yaman düşübdür tərsə.
Hazırlaşa bilmədim,
Düzü, sabahkı dərsə.

 

Barı xəstələnəydim,
Qalxaydı hərarətim.
Qurtaraydı canımı
Sabahkı dərsdən mənim.

 

Təlaşla, həyəcanla
Termometrə baxıram.
Hanı mənim qızdırmam?
Niyə azarlamıram?

 

Qarnım da heç ağrımır,
Sağlamam, nə bəladır?
Yenə də hərarətim
Otuz altı, altıdır.

 

Demək, səhər səkkizdə
Məktəbə getməliyəm.
Nahara qədər orda
Gör nələr etməliyəm.

 

Lövhə önündə susub,
Pörtüb qızarmalıyam.
Heç nə bilmirəm axı,
Nədən danışmalıyam?

 

Yenə də hərarətim
Otuz altı, altıdır...

 

İsticə nəfəsimi
Mən ona üfləyirəm.
Şirin dillə yalvarıb
Yavaşca söyləyirəm:

 

– Əzizim, canım civə,
Yüksəl, yüksəl bir qədər.
Məktəbdən qalmaq üçün
Otuz yeddi bəs edər.

 

Ah, nə gözəl! Nəhayət!
Otuz yeddi və iki!
Sevincimdən o saat
Başım gicəlləndi ki...

 

– Xəstəsən, əziz balam?
– Hə, deyəsən, naxoşam.
– Onda tez bircə uzan,
Yerindən durmayasan!

 

İndi mən uzanmışam,
Yerim yorğan altıdır.
Əslində, hərarətim
Otuz altı, altıdır.