Şeirlər

Musa Yaqub. Vardır

Bir bax gül-çiçəklər qucaq-qucaqdır,
Elə bil hər gülün çətri başqadır.
İnanma, desələr, torpaq torpaqdır
Vətən torpağının ətri başqadır.

 


Burda hər meşənin min bir ağacı,
Burda hər ağacın yamyaşıl tacı,
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.

 

 

 

Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.

 

Burda hər yamacın çiçəkdir daşı,
Burda hər çiçəyin şehdir göz yaşı.
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.


Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı.
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalm oylağı vardır.

 

Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı.
Caynaqlı hər daşın bir buz bulağı
Burda hər bulağın qonağı vardır.

 

Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.