Şeirlər

Alməmməd İsgəndərli. Salam əsgər

Vətəninə “ana” deyib
Sevib onu əzəl gündən.
Gecə-gündüz vətənini
O qoruyur düşmənlərdən.
Şəhidlərin qisasını almaq üçün
Keçər candan çəkinmədən.

 

 

Ey qəhrəman, möhkəm dayan,
Sənə ümid edir vətən.
Ata-ana, qoca-cavan,
Daim səni səsləyirlər.
Hər tərəfdən gəlir xəbər:
Salam əsgər, salam əsgər!

 


Vətən andı dillərində
Döyüşlərə yollandılar,
Odlu silah əllərində
Daim məğrur dayandılar.
Qalmadı ev-eşiyində -
Payız oldu, ya qış oldu.

 


Ana vətən keşiyində
Duranlara alqış oldu.
Bir çox illər, qərinələr
Taleyində neçə zəfər.
Tarixlərdən gəlir xəbər:
Salam əsgər, salam əsgər!

 

Bax, belədir hər igidin
Ana borcu, vətən borcu.
Qan bahası, can bahası
O qoruyur ana yurdu.
Möhkəm dayan ayaq üstdə
Namus, qeyrət olan yerdə.

 


Hər qələbən yer üzündə
Qoy səslənsin neçə dildə.
Çox xainlər, çox satqınlar
Görsün səndə hünər, zəfər.
Hər diyardan gəlsin xəbər:
Salam əsgər, salam əsgər!

 


Sən vətənin həm əvvəli,
Eşit əsgər, həm sonusan.
Şöhrətisən, şərəfisən,
Qeyrətisən, namususan.
Vətən deyir: qalx ayağa!
Qisas üçün gəlib zaman.

 


Səndən başqa bir kimsəyə
Yoxdur ümid, yoxdur güman.
Odlar yurdu Azərbaycan
Gözləməkdə səndən zəfər.
Hər ürəkdən gəlir xəbər:
Salam əsgər, salam əsgər!