Şeirlər

Alməmməd İsgəndərli. Vətən nədir

Sorma məndən millət nədir.
Sorma məndən vətən nədir.
Gərək bilək səninlə mən
Ağlımız kəsən ilk gündən.
Boya-başa çatdıq, gərək
Araşdıraq, - bəs kiməm mən.
Qoy düşünüm özüm haqda:
Məndə gərək mənlik olsun.
Damarımda qeyrət olsun,
Qollarımda qüvvət olsun.
Anamızı sevsək əgər,
Bu torpağı sevsək əgər,
Bu milləti sevsək əgər
Qanımızla, canımızla.
Bu yolda and içsək əgər,
Bir layiqli övlad kimi
Canımızdan keçsək əgər,
Onda ana xoşbəxt olar.
Onda torpaq vətən olar.

Yalnız onda bilərik ki,
Şərəf nədir, qeyrət nədir.
Yalnız onda bilərik ki,
Ana nədir, vətən nədir.
Vətən–ana, Vətən–torpaq,
Vətən–millət, vətən–bayraq,
Vətən - əsgər, vətən–səngər.
Vətən – ana laylasıdır,
Muğamımız, şeirimizdir.
Təmiz hava, saf suyumuz,
Həm odumuz, ocağımız,
Bol nemətli torpağımız,
Həyat, ölüm yerimizdir.
Bu torpağa gələn olur,
Ömür sürüb gedən olur.
O biləndə nədir vətən,
Vətən onda vətən olur.