Şeirlər

Bəxtiyar Vahabzadə. Müəllim

Müəllim! Gözəldən gözəldir bu söz-

Körpə könüllərdə məşəl yandıran!

Hələ yazılmamış, hələ qırışsız,

Hamar beyinləri cilalandıran.

Müəllim! Tez durub gec yatanımsan,

Bu gün, sabahımı yaradanımsan!

 

 

 

Mən bir toxum idim, sabahım-sirdi. 
Mənə şəkil verən, rəng verənimsən. 
Məni bu dünyaya anam gətirdi
Sənsə bitirənim, yetirənimsən. 

 


Müəllim! Düşüncə güllərimizi 
Əqlilə suvaran bir bağban oldu. 
Endirdi yerlərə atamız bizi
Müəllim-göylərə qaldıran oldu. 

 


Xəyala qol-qanad, gözə nur verdi
Müəllim! Biz sənə borcluyuq ancaq.
Əmir Teymura da şərəf gətirdi,
Ayağın altında əbədi yatmaq.

 


Şagirdin sayıdır dövlətin, varın
Bilməz bu qazancı, bilməz hər naşı.
Sinifdən sinifə adlayanların
Yaşında yaşayır müəllim yaşı.

 



Elmə güvəndinsə, bil ki, cənnətin
Qapısı üzünə açılacaqdır. 
Məktəbi hər şeydən üstün millətin
Hər yerdə, hər işdə zəfəri-haqdır.

 


Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mərmərdən deyil, 
Yarat özü kimi nurdan, işıqdan.