Şeirlər

İbrahim Yusifoğlu. Müəllim ömrü

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü.

 

 
Həlimlik gözünün qarasındadı,

Əzizlik qəlbinin parasındadı.

Hər an şagirdlərin arasındadı,

Kövrəlmiş bir səsdi, müəllim ömrü.

 

 

 

Günəş hərarətli, dağ vüqarlıdır,

Saçları dalğındı, bəyaz qarlıdı,

Övladlı, nəvəli, gözəl yarlıdı,

Mehriban bir kəsdi müəllim ömrü.

 

 
Həyatda hər zaman gözləri toxdu,

Ürək ovsunlayan sözləri çoxdu.

Dünyanın varında istəyi yoxdu,

Odlu bir nəfəsdi müəllim ömrü.

 
Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü.