Görkəmli şəxsiyyətlər

Ellin müdriki Pifaqor

Qədim yunan filosofu, riyaziyyatçısı Samoslu Pifaqor həm də pifaqorlular dini-fəlsəfi məktəbinin banisidir. 

 

Pifaqor eramızdan əvvəl 570-ci ildə Sidonda (və ya Samosda) anadan olub. Riyaziyyat, musiqi, etika, siyasətə dair araşdırmalar müəllifidir.

 

Pifaqorun həyatı əfsanələşdirilib. Onu hətta möcüzə sahibi, peyğəmbər sayanlar da olub. Herodot Pifaqoru böyük Ellin müdriki adlandırırdı.

 

Pifaqorun valideynləri Samos adasından idilər. Bir sıra mənbələrdə alimin atasının daşyonan, digər mənbələrdə isə varlı tacir olduğu qeyd edilib. Pifaqorun anası, yunan Soloma müstəmləməkəsini yaradan tanınmış Ankeya sülaləsindən olub. Əfsanələrə görə, alimin anadan olacağını Delflərdə Pifiya təxmin etmişdi. Qeyd edək ki, Pifaqor sözünün hərfi mənası «Pifiyanın elan etdiyi kəs» deməkdir. 

 

Antik müəlliflərə inansaq, Pifaqor öz dövrünün bütün tanınmış müdrikləri ilə görüşüb. Yunanlar, farslar, xaldeylilər, misirlilərlə təmasda olub, bəşəriyyətin topladığı bütün elmləri öyrənib. İlk təhslini Samosda alıb. Sonra bura ona darlıq edib və Miletə gedib.

 

Burada böyük filosof Falesin tələbəsi olub. Fales daha da irəliləmək üçün ona məsləhət görüb ki, elm dalınca Misirə getsin. Pifaqor onun tövsiyəsinə əməl edib. Misirdə o vaxt matah bilikləri məxfi saxlayar, xüsusən əcnəbilərə öyrətməzdilər. Laertli Diogen və Porfiri yazır ki, Samos tiranı Polikrat firon Amasisə təqdimat yazıbmış. Bu səbəbdən Pifaqorun başqa əcnəbilərə yasaq edilən elmləri öyrənməsinə şərait yaradılıb. Yamvlixə görə, Pifaqor ölkəni 18 yaşında tərk edib, iyirmi iki il Misirdə olub. Oradan Babilistana gedib. Özü kefinə yox. 525-ci ildə xəracın vaxtında ödənmədiyini bəhanə edərək Misiri işğal edən İran şahı Kambiz Pifaqoru da əsirlərlə bərabər Babilistana aparıb. Pifaqor 12 il də Babilistanda qalıb, maqlarla ünsiyyətə girib, onlardan elm öyrənib. Nəhayət, 56 yaşında müdrik bir şəxs kimi vətənə qayıdıb.


Qayıdandan sonra Pifaqor Cənubi İtaliyadakı yunan koloniyası Krotonda yerləşib. Burada özünə çoxlu davamçılar toplayıb. Qısa müddətdə o, əhali arasında populyarlıq qazanıb. Hətta qızlar və qadınlar da qanunu pozub onun dərslərinə gələrmiş. Belə qanun pozanlardan biri – Teano adlı qız tezliklə Pifaqorun həyat yoldaşı olur. Pifaqorun tərəfdarlarının bir neçə min olduğu deyilir. Onları Pifaqorun çox şövqlə təbliğ etdiyi mistik fəlsəfəsi ilə yanaşı, sağlam asketizm və ciddi əxlaqa söykənən həyat tərzi cəlb edib. Onun fikrincə, hakimiyyət müdrik və bilən adamlara verilməlidi. İnsanlar bu müdriklərə uşaq valideynlərinə tabe olan kimi tabe olmalıdı.


«Filosof» termini Pifaqora aid edilir. O, deyilənə görə, özünü və müdrikliyi sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir. Şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə  düşünmür, bütün ömrünü şeylərin mahiyyətini öyrənməyə həsr edir. Kainatı kosmos adlandıran ilk şəxs də Pifaqor olub. Deyirdi ki, kainat kürə şəklindədir, on sferadan ibarətdi. Mərkəzdə Yerdən görünməyən od durur. Yer də daxil bütün kainat onun ətrafında fırlanır. Deyirdi ki, şeylərin mənbəyində rəqəmlər durur.


Dünyanı dərk etmək onu idarə edən bu rəqəmləri öyrənmək deməkdir. Bertran Rassel yazır ki, riyaziyyat deduktiv sübuti əsaslandırma kimi məhz Pifaqordan başlayır və mistisizmin xüsusi bir forması ilə sıx bağlıdır. Pifaqor deyirdi ki, Yer kürə formasındadır və kainatın mərkəzidir. Günəş, Ay və planetlər öz orbiti üzrə göydə hərəkət edir. Pifaqorun geosentrik təlimini Kopernik özünün heliosentrik sisteminin sələfi adlandırırdı. Təsadüfi deyil ki, kilsə Kopernikin sistemini «yalançı Pifaqor sistemi» elan etmişdi.


Hər bir sfera rəqəmlə müəyyən edildiyindən özünəməxsus səsi var. Bunun nəticəsində kosmos harmonik bir dünya xoru təşkil edib. Allah təkdir, O rəqəmlər rəqəmidir. Allah qanun kimi təzahür edir. O, qanunun özüdür. Bu qanunun qəbul edilməsi qanuna əməl etməyə and içmək deməkdir. Pifaqorçular and içəndə düşünürdülər ki, öhdələrinə götürdükləri vəzifə Allah tərəfindən təqdis edilir.


Pifaqorun necə ölməsi haqda dəqiq məlumat yoxdur. Deyilənə görə, bir gün Pifaqorun yanına Kilon adlı bir varlı və hikkəli adam gəlir. Təkidlə tələb edir ki, onu qardaşlığa qəbul etsinlər. Rədd cavabı alandan sonra Pifaqorla mübarizəyə başlayır və hətta onun evini yandırır. Şagirdlər öz həyatlarını riskə ataraq mülləimlərini xilas edirlər. Ehtimala görə, Pifaqor  üsyançılardan qaçandan sonra Metaponta gəlib, muzaların məbədində qırx gün ac qalıb və aclıqdan ölüb. 


Pifaqor əlyazmalarını saxlamırdı. Onun həyatı və təlimi haqqında bütün məlumatlar davamçılarının işlərindən əldə edilib. Pifaqorun təlimi haqqında ən qədim mənbələr onun ölümündən 200 il sonra yaradılıblar.


Pifaqor insan ruhlarının heyvanlara keçdiklərinə inandığı üçün o, və onun davamçıları vegetarian idilər.


Pifaqorun adını daşıyan bir fincan mövcuddur. O həmçinin « xəsislik fincanı» kimi də məşhurdur. İlk baxışdan bu tamamı ilə adi bir fincandır, lakin onun ortasında kiçik bir sütun var. Belə fincanı yalnız müəyyən bir səviyyəyə qədər su ilə doldurmaq olar. Əgər fincana kənarlarına qədər su tökülsə, su aşıb daşacaq. Beləliklə, «xəsislik fincanı» nisbət hissi haqqında unutmamağa yardım edir.


Pifaqorun şərəfinə Ayın kraterlərindən biri onun adını daşıyır.

 

 

Pifaqorun aforizmləri


*Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə.


*Səadət dalınca qaçma, o, sənin özündədir.


*Böyük vədlər vermədən böyük işlər gör.


*Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz.


*Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın.