Bu maraqlıdır!

Yer üzünün ən gözəl meteoriti: Fukan ulduz daşı

Bu heyrətamiz meteorit, şübhəsiz ki, insanların indiyə qədər gördüyü ən gözəl səma cismidir.


Fukan meteoriti (ing. Fukang) 2000-ci ildə Çinin Sincan əyalətinin Fukan şəhəri yaxınlığında Qobi səhrasında aşkar edilmişdir. Naməlum bir kolleksioner böyük bir meteoriti (1000 kq-dan çox) parçalara bölüb bir hissəsini ABŞ-a tədqiqat üçün göndərmişdi. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-ın Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir.


Fukan Ulduz Daşı - siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir. Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir. Meteoritin əsas kütləsində diametri 11 santimetrə çatan və incə metal damarlara malik olan olivin salxımlarına rast gəlmək olar. 


Meteoritin tərkibi belədir: Fe/Mg = 0.1367, Fe/Mn = 40.37 və Ni = 0.03 wt%. Metal matrisi kamasitdir. Bəzi olivinlərin tərkibində troilit vardır. Oksigen izatopları: δ18O 2.569 ‰, δ17O 1.179 ‰, ∆1 7O = −0.157 ‰.


Meteoritin 31 kiloqramlıq bir nümunəsi Arizona Universitetində saxlanılır. Marvin Killqor eyni kütləli bir başqa nümunəni saxlayır. Həmçinin bir anonim kolleksiyaçı da meteoritin bir nümunəsinə sahibdir.


Pallasitlərə "Pallas Dəmiri" də deyilir. İlk belə meteorit XVIII-ci əsrdə Alman alimi Peter Pallas tərəfindən tapılmışdır.


Bu meteoritin, təxminən 4,5 milyard yaşında olduğuna inanılır ki, bu da Yer planetinin yaşı ilə üst-üstə düşür.