Şeirlər

Nəbi Xəzri. Qızıl payız

Gəlir səhər, gedir duman
Göylər qalır buludlara.
Sanki günəş öz nurundan
Don biçibdir palıdlara.

 

Cığırlardan mahnı, gülüş
Əskilməyir nə zamandır.
Meşə qızıl, göylər gümüş,
Sanki çay da büllurdandır.

 

 

 

Yelmi əsir səhər-səhər,
Ya çöllərin gül ətridir?
Dağdan axan şəlalələr
Qucağında zər gətirir.

 

Düzlər axar-baxarlıdır,
Ağ cığırlar çıxır yola.
Gör təbiət nə varlıdır,
Qızıl səpir sağa-sola.

 

Uçur quşlar qatar-qatar,
Hərə gedir öz yerinə.
Maşın keçir, zər yarpaqlar
Göyə qalxır toz yerinə.

 

Axşamın sakit çağında,
Alov tutub çölü, düzü.
Palıdların qucağında
Gecələyir günəş özü.

 

Bax ulduzlar nur çiləyir,

Bu yer hara, qüssə hara!

Qızıl payız nəğmə deyir

Qızıl qılbli insanlara!