Şeirlər

Xəlil Rza. Yallı

Qayada bir şəkil var,
Yallı gedir adamlar.
Nələr düşür gör yada:
Ən çətin zamanda da
İnsan gülüb-oynamış,
Canda musiqi eşqi
Qayır-qayır qaynamış.

 

 

 

Nə gözəldir silsilə,
Hamı verib əl-ələ.
Oğlan necə yaraşır
Yanındakı gözələ.

 

Onlar yağan şimşəyi,
Çaxan qarı dinləyib,
Səmada qaqqıldaşan
Durnaları dinləyib.

 

Duyublar hay salanda
Ağ köpüklü dalğalar.
Təbiətin özündə
Musiqi var, şərqi var.

 

Onlar zövqü, sevinci
Bir-birinə bəxş edib,
İlk rəssam ilk yallını
İlk qayaya nəqş edib.